Formula 1 deyəndə ağlımıza ilk olaraq sürücülər, bolidlər, sürət və podium gəlir. Amma trasda yarışın təhlükəsizliyini təmin edən, qəza baş verdiyi anda saniyələrlə ölçülən qərarlar qəbul edən insanlar da var. Onlar kameraların qarşısında olmur, podiuma çıxmır, kubok qaldırmır. Buna baxmayaraq, yarışın baş tutmasında onların rolu əvəzolunmazdır.
Marşallar Formula 1-in görünməyən qəhrəmanlarıdır. Xüsusilə yanğınsöndürən marşallar qəza anlarında ən riskli zonalardan birində fəaliyyət göstərirlər. Bolid alovlana, trasda təhlükəli vəziyyət yarana və saniyələr içində müdaxilə tələb oluna bilər. Həmin anda tribunadakı tamaşaçı üçün hadisə sadəcə yarışın bir hissəsidir, marşal üçün isə bu, birbaşa məsuliyyətdir.
Azərbaycan Qran Prisinin 10-cu yubiley yarışında bu işin ən yaxşısı Ərriyadbəy Kərimov seçildi. Yanğınsöndürən marşalların rəhbər köməkçisi olan Kərimov üçün bu mükafat yalnız şəxsi uğur deyil, illər ərzində trasda çalışan bütün marşalların əməyinə verilən qiymət kimi də xarakterizə oluna bilər.
Bəs Formula 1 yarışını bir marşalın gözü ilə izləmək necədir? Qəza baş verəndə həmin saniyələrdə nə yaşanır? Marşal olmaq üçün hansı xüsusiyyətlərə ehtiyac var? Və ən yaxşı marşal seçilmək onun üçün nə deməkdir? Ərriyadbəy Kərimovla söhbətimizdə bu suallara cavab axtardıq.

Adım Ərriadbəy Kərimov. Mən ixtisasca memar-dizaynerəm, lakin avtoidmana olan böyük tutqum məni bu sahəyə gətirdi. İlk dəfə Bakı Şəhər Halqasına marşal kimi addım atanda sanki tamamilə başqa bir dünyaya, nəhəng və qüsursuz işləyən bir mexanizmin ürəyinə daxil olduğumu hiss etdim. Hər kəsin tək bir məqsəd – təhlükəsizlik və yarışın davamlılığı üçün sinxron çalışdığı bu mühit məni dərhal özünə cəlb etdi.
2. Marşal olmağa sizi nə vadar etdi? Formula 1-ə olan marağınız əvvəl yaranmışdı, yoxsa marşallıq fəaliyyəti sizi bu idmana yaxınlaşdırdı?
Formula 1-ə marağım hər zaman var idi, lakin marşallıq fəaliyyəti, xüsusilə də Yanğın və Xilasetmə (Fire and Rescue) marşalı kimi çalışmağım məni bu idmanın ən dərin və məsuliyyətli tərəfi ilə tanış etdi. Sürücülərin həyatının qorunmasında bilavasitə iştirak etmək və təhlükəsizliyi təmin etmək hissi məni bu idmana daha da bağladı.
3. Bu illər ərzində marşal kimi keçirdiyiniz ən yaddaqalan Azərbaycan Qran-Prisi hansıdır və niyə?
Hər bir yarışın öz xüsusi xatirələri var, amma yanğın marşallarının komandasına rəhbərlik etdiyim və beynəlxalq təcrübəmi doğma trekimizdə tətbiq edə bildiyim son yarışlar daha yaddaqalandır. Bakı treki həmişə sürprizlərlə və gözlənilməz qəzalarla doludur, buna görə də komanda olaraq hər an tam hazır vəziyyətdə olmağımız məndə xüsusi qürur hissi yaradır.

Əsas prinsipim dəyişməzdir: “Təhlükəsizlik və soyuqqanlılıq”. Hər hansı bir hadisə zamanı ilk növbədə FIA-nın təhlükəsizlik protokollarına ciddi riayət edərək şəxsi təhlükəsizliyimi və komandamın təhlükəsizliyini təmin etmək, daha sonra isə ən sürətli və effektiv şəkildə sürücüyə kömək etməkdir.
5. İllər ərzində elə bir qəza və ya hadisə olubmu ki, ondan sonra “bu, mənim üçün marşal kimi ən çətin an idi” demisiniz?
Xüsusi bir hadisəni fərqləndirmək çətindir, çünki yanğın və xilasetmə marşalı üçün hər bir insident maksimum diqqət tələb edir. Lakin bolidlərdə potensial yanğın təhlükəsi yaranan və ya ERS (hibrid) sisteminin qırmızı işığının yandığı vəziyyətlər həmişə ən yüksək gərginlik anları olur. Belə anlarda bilirsən ki, verdiyin qərarda saniyələr belə həlledicidir.
6. Azərbaycan Qran-Prisinin 10-cu yubiley yarışında ilin ən yaxşı marşalı seçilməyiniz sizin üçün nə ifadə edir? Bu mükafatı gözləyirdinizmi? Bu mükafatı aldığınız an ilk ağlınıza nə gəldi?
Bu, mənim üçün böyük bir şərəfdir. Düzü, mən və komandam hər zaman işimizi mükafat üçün deyil, yarışın və sürücülərin təhlükəsizliyi üçün ən yüksək səviyyədə görməyə çalışmışıq. Adımı eşidəndə ilk ağlıma gələn çiyin-çiyinə çalışdığım marşal dostlarım oldu, çünki trekdə heç bir uğur təkbaşına qazanılmır – bu, bütün komandamın uğurudur.

7.Sizcə, ilin ən yaxşı marşalı seçilməyinizdə hansı hadisə və ya hansı xüsusiyyətiniz əsas rol oynadı?
Düşünürəm ki, işimə olan peşəkar yanaşmam, həm Bakıda, həm də xaricdə (Abu-Dabi, Səudiyyə Ərəbistanı,Bəhreyn, Hollandiya, Almaniya, İtaliya,Türkiyə, Rusiya Federasiyası) qazandığım beynəlxalq təcrübə əsas rol oynadı. Həmçinin qaydaları, ERS sistemlərini və FIA protokollarını dərindən bilməyim, bu bilikləri testlər və təlimlər vasitəsilə digər marşallarla bölüşməyə çalışmağım da bu nəticəyə təsir etdi.
8.Bakı trasının marşallar üçün ən çətin və ən maraqlı tərəfi nədir? Sürücülər Bakı trasını çətin və gözlənilməz hesab edirlər. Marşal kimi siz də bu fikirlə razısınız?
Sürücülərlə tam razıyam. Bakı Şəhər Halqası çox dar sektorlara (məsələn, İçərişəhər hissəsi) və eyni zamanda çox sürətli düzlüklərə malikdir. Marşallar üçün ən çətin tərəfi kor zonaların çox olması və bolidlərin baryerlərə çox yaxın hərəkət etməsidir. Lakin bizi 100 faiz konsentrasiyada saxlayan da məhz bu çətinlik və dinamikadır.
9.Əgər sizə “marşal olmağın ən gözəl tərəfi nədir?” sualını bir cümlə ilə versələr, nə cavab verərdiniz?
Marşal olmağın ən gözəl tərəfi dünyanın ən böyük avtoidman hadisəsinin sadəcə izləyicisi deyil, onun döyünən ürəyinin bir parçası olmaq və böyük, qlobal beynəlxalq ailənin üzvünə çevrilməkdir.
10. Bakıdakı Formula 1 yarışına marşal kimi qoşulmaq istəyən gənc bir insana nə deyərdiniz?
Onlara deyərdim ki, əgər avtoidmanı sevirsinizsə və məsuliyyətdən qorxmursunuzsa, mütləq bizə qoşulun. Qaydaları öyrənməyə açıq olun, komandanıza güvənin və həm fiziki, həm də mənəvi cəhətdən hazırlıqlı olun – bu, həyatınızda yaşayacağınız ən qürurverici və unudulmaz təcrübələrdən biri olacaq.





Şərh əlavə et