Kimi Antonelli Monzanı fəth etdi.
Amma gəlin bir az əvvələ qayıdaq. Antonelli mühərrik dəyişdirdiyi üçün startda 30 yerlik cəza almışdı. Yəni yarışa 19-cu yerdən başlayacaqdı.
Startda 19-cu yer… Startdan bir dövrə sonra isə 12-ci…
Burada artıq “Mercedes sürətlidir” deyib məsələni bağlamaq olmaz. Çünki sürətli maşının da içində oturan sürücü lazımdır. Antonelli isə bu yarışda sadəcə maşını idarə etmədi, yarışın özünü idarə etdi. Ən maraqlısı isə odur ki, bu, təkcə yeni təkərlərlə əldə edilmiş üstünlük deyildi. Normal yarış tempində də gəlib Corc Rassellə çatdı.
Hətta mənim fikrimcə, Rassell ikinci yerə qədər olan fərqi daha böyük saxlamalı idi. Ən azı 6-7 saniyəlik üstünlük yaratmalı idi. Ancaq Corc bunu edə bilmədi. Çünki bir tərəfdən Antonelli gəlirdi, digər tərəfdən isə Maks Ferstappenlə mübarizə aparırdı.
Hə, Ferstappen demişkən… Bir ara niderlandlı pilot yarışın liderliyini də ələ keçirdi. Bir anlıq adam düşünürdü ki, bəlkə də keçənilki ssenarini yenidən izləyəcəyik.
Keçən il Monzada qazandığı qələbənin ardınca Ferstappen bu dəfə də yarışın bir fazasında hamının önündə idi. Deməli, Red Bull-un bu trasda heç də pis olmadığı görünürdü. Sadəcə bu dəfə son söz Antonellinin oldu.
Ferstappenin liderliyi də yarışın başqa bir vacib məqamını göstərdi: Monzada hər şey mühərrik gücündən ibarət deyil. Strategiya, təkər idarəetməsi, hava kisəsi və ən əsası sürücünün ritmi bütün mənzərəni dəyişə bilir.
Nəticədə Antonelli fərqi bağladı və yarışın sonunda artıq hamıya bir mesaj verdi: Bu çempionat hələ bitməyib, amma lider getdikcə daha çox liderə oxşayır.
Rassellə bağlı isə bir sual yaranır: Nə oldu belə?
Beş il əvvəl Corc Rassell “qızıl oğlan” idi. Mercedes-ə gələndə hamı ondan böyük şeylər gözləyirdi. İndi isə adam az qala Cadillac səviyyəsinə doğru geriləməklə məşğuldur.
Əlbəttə, yeni nəsil maşınları sevmir. Oldu. Amma Lekler də sevmir. Ferstappen də sevmir. Ancaq Onlar bu maşınların xarakterinə öyrəşiblər. Bəzən yaxşı, bəzən pis, amma öyrəşiblər. Rassell isə hələ də maşınla münasibətlərini “görüşürük, amma ciddi münasibətimiz yoxdur” səviyyəsində saxlayır.
İndi keçək günün digər böyük hadisəsinə – Şarl Leklerin qəzasına.
Bəli, öz səhvi idi. Lakin mən buna görə Lekleri çox da qınamıram. Çünki bu, onun ev yarışıdır. Ferrari ilə Monzada yarışır. Tribunalar doludur. Tifozilər gözünü ona dikib. Belə yerdə aqressiv olmaq lazımdır. Bir şey sınamalısan. Lekler də sınadı. Ancaq alınmadı. Əsas odur ki, özü zədə almadı. Onsuz da yarışda qalan Lyuis Hemiltonun çəkdiyi əziyyətə baxdıq. Ferrari-nin Monzadakı tempi onsuz da ürəkaçan deyildi. Qasli Norrisin başını bir az qatmasa, McLaren-lərdən daha böyük fərq də görə bilərdik.
Nəticəyə baxaq: Həmilton 4-cü başlayır. Bir rəqibi yarışdan çıxır. Sonda isə Ferrari sürücüsü 6-cı olur. Buna uğur demək çətindir.
Ona görə də Leklerin canı sağ olsun. Ev yarışında risk etdi. Bu dəfə alınmadı. Formula 1-də bəzən ən böyük fərq də budur: risk etməsən, heç nə qazanmayacaqsan; risk etsən, hər şeyi də itirə bilərsən.
Startda iki Ferrari-nin bir-birinə toxunmasına gəldikdə isə… Məncə, orada faciə axtarmağa ehtiyac yoxdur. Startda belə şeylər olur. Üstəlik, Həmiltonun komanda əmri məsələsindən sonra Leklerin etdiyi hərəkəti də başa düşmək mümkündür. Çünki Lekler Bottas və ya Kovalaynen deyil. Belə vəziyyətdə onun dişlərini göstərməsi təəccüblü deyil.
Amma Monzanın başqa bir gözəl hekayəsi də aşağıda yazılırdı.
Formula 3-də Nikola Lakorte karyerasının ilk qələbəsini qazandı.
Həm də harada? Doğma vətəni İtaliyada. F3-də ilk qələbəsini məhz İtaliya həftəsonunda əldə edən Lakorte üçün bu nəticənin simvolik tərəfi də var. Böyük səhnədə, böyük həftəsonunda, vətəni İtaliya trasında ilk dəfə qalib gəlmək… Bəlkə də gələcəkdə bu ad haqqında daha çox danışacağıq. Bəlkə illər sonra kimsə Lakortenin karyerasına baxıb deyəcək: “Hər şey Monzada başlamışdı.”
Və bu həftəsonunun əsas qəhrəmanı yenə də dəyişmir.
Kimi Antonelli.
İtalyan pilot evində qalib gəldi. Üstəlik, 30 yerlik cəzadan sonra, 19-cu yerdən yüksələrək, Ferstappenin liderliyə yüksəldiyi, Rassellin mübarizə apardığı yarışda, qələbəyə sona qədər layiq olduğunu göstərib… İndi çempionatda fərq 66 xala çatıb. Burada artıq başqa bir sual yaranır: FIA, nəyi gözləyirik? Heç kimi yormayaq. Çempionluq kubokunu indidən Antonelliyə verək, qalan yarışlarda da biz rahat-rahat ikinci yer uğrunda mübarizəyə baxaq. Əlbəttə, Formula 1-də mövsüm bitmədən heç nə bitmir. Lakin bu çempionatın adı artıq getdikcə daha çox Kimi Antonelli ilə yanaşı çəkilir.
60 ildən sonra Monzada italiyalı qalib gəldi. F3-də başqa bir gənc italiyalı ilk qələbəsini qazandı. Ferstappen isə az qala keçənilki uğurunu təkrarlayırdı. Monza bu həftəsonu bir daha göstərdi ki, İtaliya sadəcə Ferrari demək deyil. Bəzən yeni qəhrəmanlar da məhz burada peyda olur. Bu dəfə onların ən böyüyünün adı isə Kimi Antonelli idi.




Şərh əlavə et