İtaliya Qran Prisinin hələ ikinci dövrəsində McLaren sürücüsü Oskar Piastri ilə üçüncülük uğrunda mübarizə aparan Lekler son döngədə bolidin arxa hissəsinə nəzarəti itirib və yüksək sürətlə bariyerlərə çırpılıb. 60G gücündə zərbədən sonra bariyerlərin təmiri üçün qırmızı bayraq dalğalandırılıb, gənc sürücü isə boliddən öz imkanları hesabına çıxa bilib.
Qəza zamanı qaz pedalında qeyri-adi vəziyyət hiss etdiyini bildirən Şarl Lekler qəza sonrası yaşadığı qorxulu anları və hazırkı sağlamlıq vəziyyətini belə izah edib: “Ayağımı qaz pedalından çəkdim, amma bolid hələ də güc ötürməyə davam edirdi və mən idarəetməni itirdim. Qəzadan dərhal sonra ilk anda sağ gözümdə müəyyən görmə problemi yarandı, tam aydın görə bilmirdim. Bolidən düşərkən məni ən çox narahat edən məsələ də bu idi. Amma hazırda hər şey qaydasındadır. Belə böyük qəzadan sonra bədəndə müəyyən ağrıların olması normaldır”.
Gələn həftəsonu təqvimə yeni əlavə olunan İspaniya Qran Prisində trasda ola bilmək üçün prosedur çərçivəsində tibbi müayinələrdən keçəcəyini bildirən Lekler sözlərini belə davam etdirib: “Madriddə tam hazır olduğuma əmin olmaq üçün bu gecə və sabah əlavə müayinələrdən keçəcəyəm. Böyük ehtimalla heç bir problem olmayacaq, amma ehtiyatı əldən verməmək ən doğru qərardır.
Evimizdəki yarışda baş verənlər son dərəcə məyusedici oldu, ancaq nəticəni dəyişə bilmərəm. Artıq gələcəyə baxmalı və Madriddə güclü şəkildə geri qayıtmağa fokuslanmalıyam”.




Şərh əlavə et