Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Mercedes və Red Bull güclü idi

McLaren komandasının sürücüsü Lando Norris İtaliya Qran Prisində yarışı dördüncü pillədə başa vurduqdan sonra açıqlamalar verib.

Yarış zamanı Qasli ilə yaşadığı və bəzən trasdan kənara çıxmalarla davam edən mübarizə barədə sualı cavablandıran Norris bunun həmin anın həyəcanından qaynaqlandığını bildirib: “Trasda saatda 320 km/saat sürətlə hərəkət edərkən kiminsə üzərinizə gəldiyini və düz davam etdiyini görəndə vəziyyəti tamamilə fərqli qəbul edirsiniz.

Yarı çınqıllıqda, yarı otluqda olduğunuz zaman hər şeyin nə qədər sürətlə pis istiqamətdə gedə biləcəyini anlayırsınız.

Amma məncə, onun etdiyi manevr ədalətli idi, sadəcə həmin anın həyəcanı ilə yaşanan bir vəziyyət idi. Bu baxımdan heç bir problem yoxdur, yaxşı mübarizə oldu. Belə çətin yarışdan bu nəticə ilə ayrılmaq sevindiricidir”.

Monza kimi yüksək sürətli traslarda çətinlik çəkəcəklərini əvvəlcədən proqnozlaşdırdıqlarını bildirən Norris bolidin əsas çatışmazlıqlarına da diqqət çəkib: “Həftəsonundan əvvəl mənə dördüncülüyü təklif etsəydilər, yəqin ki, qəbul edərdim.

Red Bull və xüsusilə Mercedes bu gün bizimlə müqayisədə tamamilə fərqli səviyyədə idi. Təmiz havaya çıxdığımız anlarda tempimiz təəccüblü dərəcədə pis idi.

Önümüzdəki bolidlərin hava koridoruna ehtiyacımız var idi. Yalnız bu halda onlarla rəqabət apara bilirdik.

Bu həftəsonu gözləntilərimizin nə olduğu bəlli idi. Yavaş və orta sürətli döngələrdəki balanssızlığı, bolidin ümumi balansını və düzlüklərdəki sürətimizi mütləq şəkildə yaxşılaşdırmalıyıq”.

Rauf Hacıyev

Şərh əlavə et