Xəbəri Kokpitdə Oxuyun!

S.Domenikali: Vaxta ehtiyac var

Formula 1-in rəhbəri Stefano Domenikali idmanın gələcək qaydalarını formalaşdırarkən onun üçün ən vacib məqamın kifayət qədər “müzakirə vaxtına” sahib olmaq olduğunu bildirib.

Texniki qaydaları müəyyənləşdirmək səlahiyyətinə malik FIA, F1 rəhbərliyinin, komandaların, pilotların və mühərrik istehsalçılarının fikirlərini nəzərə alaraq yeni dövrün yol xəritəsini müəyyənləşdirir. FIA-nın prezidenti Mohammed Ben Sulayemin 2030 və ya 2031-ci illərdə V8 mühərriklərə qayıdılacağına dair siqnallar verməsi ilə mövcud və potensial istehsalçılara təqdim olunacaq imkanların da yaxın zamanda dəqiqləşməsi gözlənilir.

Bu ilin sonuna qədər yeni qayda dövrünün əsas çərçivəsinin müəyyənləşəcəyini düşünən Domenikali bütün tərəflərin razılaşa biləcəyi ortaq zəmin yaratmağın vacibliyini vurğulayıb.

Xarici mətbuata danışan Domenikali belə deyib: “Mənim üçün ən vacib məsələ müzakirə etmək üçün doğru vaxta sahib olmağımızdır.

Bildiyiniz kimi, texniki qaydalarda son sözü FIA deyir. Lakin istehsalçılar, azarkeşlər, komandalar və pilotlarla apardığımız müzakirələrin kifayət qədər sağlam müstəvidə irəlilədiyini düşünürəm.

Qısa müddət ərzində işlərin nə qədər sürətlə dəyişə bilməsi həqiqətən inanılmazdır. Bu qayda dəyişikliyi dövrünün lap əvvəlində mənfi fikirlərlə dolu böyük bir narahatlığın olduğunu xatırlayıram. Lakin artıq vəziyyət ciddi şəkildə dəyişib.

İdmanımızın təbiəti belədir ki, dəyişikliklərin gətirə biləcəyi imkanlar haqqında düşünməkdənsə, başlanğıcda diqqətimizi həmişə problemlərə yönəltməyə meylli oluruq.

Gələcək qaydaların əsas məqsədi qaydaları mümkün qədər sadə saxlamaq, sintetik yanacaq və elektrik dəstəyi ilə çalışan daha yüngül bolidləri Formula 1-ə gətirmək və ən əsası pilotlara limitləri son həddə qədər yoxlamaq imkanı vermək olmalıdır.

Çünki F1 pilotu kimi onların bizdən həmişə tələb etdiyi əsas məsələ məhz bu olub”.

Texniki detallar məsələsində FIA-ya güvəndiyini bildirən Domenikali qayda dəyişikliklərinin vaxtı və idarəetmə prosesi ilə bağlı fikirlərini belə davam etdirib: “Bütün texniki detallarda düzgün qərarlar verəcəyinə FIA-ya güvənirəm. İnanıram ki, bu ilin sonuna qədər üzərində müzakirə apara biləcəyimiz bir layihəyə sahib olacağıq. Çünki qarşımızda iki seçim var.

Əgər mövcud dövrün sonu olan 2031-ci ilə qədər gözləsək, FIA qarşımıza tamamilə fərqli qaydalar siyahısı qoya bilər. Bu halda komandalar idmanın bir hissəsi olmaq istəyirlərsə, qalacaqlar, istəmirlərsə, gedəcəklər.

Bir qədər şişirdərək deyirəm, ancaq prinsipi anlayırsınız.

Lakin prosesi sürətləndirmək və gördüyümüz işlə bağlı ortaq razılığa gəlmək istəyiriksə, komandalar və istehsalçılarla birlikdə ortaq idarəetmə modeli tapmağımız vacibdir. Mövsüm başa çatmamış qarşımızda olacaq digər böyük imkanlardan biri də budur.

Hazırda çoxlu sayda müsbət müzakirələr aparılır. Hər kəsin fərqli səbəblərlə öz mövqeyini müdafiə etdiyini təsəvvür edə bilərsiniz. Lakin ilin sonuna qədər idmanın gələcəyi üçün ən doğru qərarları vermək imkanına sahib olacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et