Formula 1 1980-ci illərin əvvəllərində Caesars Palace trasında keçirilən yarışlardan sonra 2023-cü ildə ilk dəfə Las Veqasa, Strip küçəsində salınmış şəhər trası ilə qayıtmışdı. Lakin bu dönüş gözlənildiyi kimi alınmamışdı.
İlk sərbəst yürüşün başlamasından cəmi 10 dəqiqə sonra yerindən çıxan kanalizasiya qapağı Karlos Saynsın Ferrari bolidinə ciddi ziyan vurmuşdu. Hadisədən sonra sessiya qırmızı bayraqla dayandırılmış və bir daha bərpa edilməmişdi.
Trasda zəruri təmir işlərinin aparılması səbəbindən ikinci sərbəst yürüş isə təxminən iki saat gecikmə ilə başlamışdı.
Bu gecikmə nəticəsində ikinci sessiya təhlükəsizlik əməkdaşlarının iş vaxtı başa çatdıqdan sonra keçirilmişdi. Təhlükəsizlik personalının növbəsinin bitməsi səbəbindən təşkilatçılar tribunadakı azarkeşlərin böyük hissəsini arenadan çıxarmış və onlar ikinci sərbəst yürüşü izləyə bilməmişdilər.
Bundan sonra çoxsaylı azarkeş bilet pullarının geri qaytarılması tələbi ilə Formula 1-in kommersiya hüquqlarının sahibi olan Liberty Media-ya qarşı kollektiv iddia qaldırmışdı.
Məhkəmə prosesinin yekununda iddiaçılar haqlı hesab ediliblər və Liberty Media ümumilikdə 3 milyon 47 min 986 ABŞ dolları məbləğində qismən kompensasiya ödəməyi qəbul edib.
Nevada Məhkəməsinin qərarında bildirilib: “Cavabdehlər Liberty Media Corporation, Las Vegas Grand Prix Inc. və barışıqdan yararlanmaq hüququ olan fiziki və hüquqi şəxslər arasında kollektiv iddia çərçivəsində razılıq əldə olunub”.
Məhkəmə qərarında barışığın səbəbi də izah edilib: “Cavabdehlər ikinci sərbəst yürüşü təxirə salmağa məcbur qalıb və daha sonra barışıqdan yararlanmaq hüququ olan azarkeşlərin ikinci sərbəst yürüş başlamazdan əvvəl arenaya giriş hüququnu əsaslı səbəb olmadan ləğv edib. Buna görə həmin şəxslər bilet qiymətinin bir hissəsinin geri qaytarılmasını tələb ediblər”.
Məhkəmə eyni zamanda vurğulayıb ki, əldə olunan razılaşma Liberty Media-nın hər hansı təqsir və ya məsuliyyəti qəbul etməsi anlamına gəlmir.
Qərarda deyilir: “Təklif olunan barışıq cavabdehlərin hər hansı təqsiri etiraf etməsi kimi qiymətləndirilə bilməz. Cavabdehlər onlara qarşı irəli sürülən bütün iddiaları rədd edir və məhkəmə işində irəli sürülən tələblərlə bağlı hər hansı hüquqi məsuliyyəti qəbul etmirlər”.




Şərh əlavə et