Xəbəri Kokpitdə Oxuyun!

Endi Kovellin yerinə Kristian Horner?

Aston Martin F1 komandasının rəhbəri Endi Kovell yaxın vaxtlarda vəzifəsindən uzaqlaşdırıla bilər. BBC Sport-un məlumatına görə, 56 yaşlı britaniyalı mühəndisin Adrian Nyui ilə fikir ayrılıqları yaranıb və komandanın sahibi Lourens Stroll vəziyyətə özünəməxsus şəkildə müdaxilə edib.

Hələ yekun qərar verilməsə də, Kovellin komanda rəhbəri və icraçı direktor vəzifələrini itirəcəyi ehtimalı yüksək qiymətləndirilib. Bununla belə, o, Aston Martin şirkətində başqa bir rolda qala bilər.

Aston Martin F1 tərəfi məsələni şərh etməkdən imtina edib və yalnız belə bir açıqlama ilə kifayətlənib: “Komanda şayiələrə qarışmaq niyyətində deyil. Diqqətimiz mövsümün qalan yarışlarında maksimum nəticə qazanmağa və 2026-cı ilə hazırlığa yönəlib”.

Kovellin yerinə kimin gətirilə biləcəyi barədə rəsmi məlumat olmasa da, mümkün namizədlər sırasında Kristian Hornerin adı çəkilib. İddialara görə, Red Bull Racing-in sabiq rəhbəri təkcə həmin vəzifəni almağa yox, həm də komandanın səhmdarları arasına qatılmağa çalışır.

Bundan başqa, Strollun Andreas Zaydl, Mattia Binotto və Martin Vitmarş ilə də təmas qurduğu iddia edilib. Lakin Vitmarş BBC Sport-a açıqlamasında belə deyib: “Mən Aston Martin-dən 2023-cü ildə ayrılmışam və Lourens nə qədər səxavətli olsa da, komandaya qayıtmaq istəmirəm”.

Kovell ilə Nyui arasında problemin səbəbinin “kimin daha üstün olduğu” məsələsi olduğu bildirilir. Williams, McLaren və Red Bull ilə çempionluqlar qazanmış əfsanəvi konstruktor Nyui hazırda 2026-cı il şassisinin hazırlanmasına rəhbərlik edir. Rəsmi olaraq Kovell daha yüksək vəzifədə olsa da, Newey həm nailiyyətlərinə, həm də komandanın səhmdarı olmasına görə daha güclü mövqedə dayanıb.

Maraqlıdır ki, Nyui Red Bull Racing-dən də Horner ilə fikir ayrılığı səbəbindən ayrılmışdı və hətta bir vaxtlar onunla eyni otaqda olmaq istəmədiyini demişdi. Bununla belə, söhbətlərə görə, tərəflər artıq barışıb və yayda Oasis-in konsertinə birlikdə qatılıblar.

Bütün bunlara baxmayaraq, Hornerin Kovellin kreslosuna oturacağı hələ dəqiq deyil. Ehtimallardan biri də Strollun ümumiyyətlə bu səviyyədə menecerə ehtiyac duymadığını düşünməsidir, çünki komandanın sahibi kimi əksər qərarları şəxsən özü verdiyi qeyd edilib.

Rauf Hacıyev

Şərh əlavə et