Xəbəri Kokpitdə Oxuyun!

McLaren pilotlardan üzr istəyib

FIA McLaren-in hər iki maşınının diskvalifikasiya olunduğuna dair rəsmi sənədləri dərc etdikdən sonra komanda açıqlama yayıb və rəhbərlik həm Lando Norrisə, həm də Oskar Piastriyə üzrxahlıq edib.

Kokpit.az xatırladır ki, Britaniya komandasının sürücüləri Oskar Piastri və Lando Norris  Las Veqas yarışını müvafiq olaraq ikinci və dördüncü yerdə bitirsələr də, yarışdan sonra stüardlar “narıncılar”ı nəzarət taxtasının çox yeyilməsinə görə diskvalifikasiya ediblər.

McLaren-in komanda rəhbəri Andrea Stella: “Las-Veqas Qran Prisindən sonra məlum oldu ki, biz Texniki Reqlamentin 3.5.9-cu maddəsini pozmuşuq. Bu maddə tələb edir ki, nəzarət taxtasının qalınlığı minimum 9 mm olmalıdır. 4 nömrəli maşında arxa hissədə qalınlıq normadan 0,12 mm az, 81 nömrəli maşında isə 0,26 mm az ölçülüb.

Yarış ərzində hər iki maşın, məşqlərdə görünməyən, gözlənilməz dərəcədə güclü vertikal rəqsi hərəkətlərə məruz qalıb. Bu, maşınların trasla həddindən artıq sərt təmasına səbəb edib. Biz bu davranışın səbəblərini araşdırırıq, o cümlədən yarışdan sonra aşkarladığımız zədələrin maşının altlığının (trasla məsafəsinin) dəyişməsinə necə təsir etdiyini öyrənirik.

FIA bildirdi ki, pozuntu qəsdən edilməyib və komanda reqlamenti bilərəkdən pozmağq cəhd göstərməyib. Bundan əlavə, yüngülləşdirici hallar da var.

Biz Lando və Oskardan üzr istəyirik, çünki bu gün onlar xallar itirdilər və bu, onların ikisinin də çempionluq uğrunda mübarizə apardığı kritik məqamda baş verdi. Həmçinin tərəfdaşlarımızdan və azarkeşlərdən də üzr istəyirik. Bu cür nəticə həqiqətən çox məyusedicidir, lakin biz maksimum diqqətlə qalıb mövsümün qalan iki yarışı üçün hazırlığı davam etdiririk”.

Lando Norris: “Bu günün nəticəsi çox üzücüdür. Yarışın sonuna yaxın tempi azaltmağa məcbur oldum və indi bilirik ki, bu, maşındakı problemlərlə bağlı idi. Təəssüf ki, bu, diskvalifikasiyayla nəticələndi. Biz çoxlu xal itirdik və bu, həqiqətən məyus edir.

Komanda həmişə əlindən gələni edir, ancaq bu dəfə yaxşı iş görə bilmədik. Bu aşkardır. Mən artıq heç nəyi dəyişə bilmədiyim üçün bütün diqqətimi Qətər Qran Prisinə yönəldirəm. Hər sessiyada maksimum nəticə qazanmağa çalışacağıq”.

Oskar Piastri: “Təəssüf ki, həftəsonu nəzarət taxtasının normadan artıq yeyilməsi səbəbindən diskvalifikasiya ilə başa çatdı və biz xalsız qaldıq. Hazırkı sıx mübarizə şəraitində biz daim nəyisə yaxşılaşdırmağa çalışırıq, amma bu dəfə səhvə yol verdik.

İndi yenidən fokuslanmalı, hədəfləri düzəltməli və yaxşı performans göstərməyi davam etdirməliyik. Qalan iki yarışda maksimum xal toplamaq üçün çalışacağıq, çünki bu traslarda əvvəllər yaxşı nəticələrimiz olub”.

Rauf Hacıyev

Şərh əlavə et