Uğursuz sıralanma turundan sonra həm Şarl Lekler, həm də Lyuis Həmilton Las-Veqas yarışında xal qazanıblar. Lekler və Həmilton yarışı müvafiq olaraq altıncı və onuncu yerlərdə bitirsələr də, McLaren pilotlarının yarışdan sonra diskvalifikasiya edilməsi ilə iki pillə irəliləyiblər.
Şarl Lekler: “Nəticəni yaxşı adlandırmaq olmaz. Altıncı yer məyusedicidir. Digər tərəfdən, pilotaj baxımından mövsümün ən yaxşı yarışını keçirdiyimi düşünürəm. Bütün döngələri çox yaxşı keçirdim və heç bir səhv etmədim. Performansımdan razıyam, amma altıncı yer yenə də çox məyus edir.
Düzlük sürətində problemim vardı və öndəki pilotlarla müqayisədə xeyli geridə qalırdım, DRS isə çox gec aktivləşirdi. Buna görə düzlüklərin əvvəlində çox itirirdim, ancaq sonra əyləclərdə bunun əvəzini çıxara bildiyimi başa düşdüm.
Düşünürəm ki, 14-cü döngədə bəzi rəqibləri əyləclə təəccübləndirdim. Amma finişə yaxın Oskar Piastri məndən bir saniyədən çox aralananda və DRS-dən məhrum olanda vəziyyətim xeyli çətinləşdi”.
Lyuis Həmilton: “Özümü pis hiss edirəm. Bu, karyeramdakı ən pis mövsümdür və nə qədər çalışsam da, hər şey daha da pisləşir. Maşında da, onun xaricində də mümkün olan hər şeyi sınadım”.




Şərh əlavə et