Aston Martin komandasının sürücüsü həmçinin Las-Veqasda hamını çətinliklərin gözlədiyini proqnozlaşdırıb.
Fernando Alonso: “Racing Bulls-u Mühəndislər Kubokunda keçə biləcəyikmi, bilmirəm. Bu, həftəsonunun gedişindən asılıdır. Son yarışlarda Haas çoxlu xal qazanır və biz yalnız qabaqdakı komandaları deyil, onları da nəzərə almalıyıq.
Mövsümün son mərhələsi Əbu-Dabiyə qədər mübarizə davam edəcək. Bu həftəsonundan etibarən əlimizdən gələni edəcəyik.
Keçən il Las Veqas yarışında ciddi problemlərimiz var idi. İndi də çətin mübarizə gözləyirəm, rəqabət, hər zaman olduğu kimi, çox kəskin olacaq.
Sıralanma turunun stressli olacağını düşünürəm, ancaq ümid edirəm ki, son sessiyaya çıxacağam. Yarış necə alınacaq, onu da sonra görəcəyik. Ötən il əsas çətinliklər təkərin dənlənməsi ilə bağlı idi və sabahkı sərbəst yürüşlər zamanı tapdığımız sazlanmalarla bunu minimuma salmağa çalışacağıq.
Hava da təsir edəcək: dünən yağış yağdı, bu gün də gözləniləndən çox yağır. Qısası, hər şeyə hazır olmalıyıq.
Bu trasda yağışda sürmək heç xoş deyil. Bura çox sürətlidir, süni işıqlandırmada görmə problemi də yaranır. Quru təkərlə belə ilişmə çox zəifdir. Üstəlik, hava temperaturu da aşağıdır. Yəni tamaşaçı üçün maraqlı olacaq, amma pilotluq baxımından heç də xoş deyil”.
İndiki nəsil bolidlərlə son üç yarış qaldığını xatırladan Alonso əlavə edib ki, AMR25-lə vidalaşmaq ona çətin olmayacaq: “Bu maşınlar üçün darıxmayacağam. Lakin düşünürəm ki, gələn il daha yavaş gedəcəyik və yeni bolidlərin sükanı arxasına keçəndə sürət çatışmayacaq, çünki həmişə daha sürətli getmək istəyirsən.
Hazırkı bolidlər isə çox ağır və çox böyükdür. Qround effekti və maşının hündürlüyü ilə bağlı məhdudiyyətlər pilotluğun “zövqünü öldürür”. Yaxın mübarizə aparmaq belə çətindir. Halbuki bu qaydalar tətbiq olunanda fikir o idi ki, bolidlərin bir-birini izləməsi asanlaşacaq və mübarizə daha maraqlı olacaq. Lakin bu məqsədə çatmaq mümkün olmadı.
Yalnız 2022-ci ilin əvvəlində nisbətən maraqlı idi, sonra yox. Ona görə də bu bolidlər üçün çox da darıxacağımızı düşünmürəm”.




Şərh əlavə et