Ferrari prezidenti Con Elkannın San-Pauluda dediyi “pilotlar daha az danışmalı, daha çox idarəetməyə fokuslanmalıdır” fikri Las-Veqasda Lyuis Hemiltona ünvanlanıb və britaniyalı sürücü həmin açıqlamaya cavab verib.
Lyuis Həmilton: “Mən həmişə mətbuatla daha az danışmağa hazıram! (gülür) Amma ciddi desək, düşünürəm ki, bu komandanın hər bir üzvü öz üzərinə məsuliyyət götürməlidir və öz rolunu yerinə yetirməlidir. Bilirəm ki, komandanın hər bir işçisində inanılmaz ehtiras var.
Bazadakı hər kəsin həftədən həftəyə göstərdiyi böyük səylərə görə olduqca minnətdaram. Ferrari komandası həmişə böyük diqqət çəkir, bəzən də bu diqqət o qədər də müsbət olmur. Lakin hamımız vəziyyəti dəyişdirmək istəyirik və mən bu komandanın yenidən dirçəlməsinə kömək etməyə tam fokuslanmışam.
Conun nə demək istədiyini anlayıram. Ona görə də həmin şərhin məni əsəbləşdirməsinə imkan vermədim. Biz bəzən həftə ərzində bir neçə dəfə danışırıq, ötən həftədən bəri də dəfələrlə danışmışıq. Burada əsas məsələ komandanı daha da birləşdirməkdir və biz doğrudan da bir yumruq kimiyik. Hamımız işimizə tam sadiqik.
Belə açıqlamaların səbəbi Ferrariyə olan ehtirasdır. Bu da mənə xoşdur və kimisə bu ehtirasa görə qınaya bilmərəm. Qarşıdakı hər bir sınaq bizim üçün inkişaf və öyrənmək fürsətidir və mən əminəm ki, sonda istədiyimiz nəticələrə çatacağıq”.




Şərh əlavə et