Niderlandlı sürücü artıq dördüncü ildir ki, maşında çempionluğun nömrəsi olan 1 ilə çıxış edir. Lakin bu mövsümdə titulu qoruya bilməsə, 2026-cı ildə yenidən öz əsas nömrəsi olan 33-ə qayıdacaq. Bununla belə, Formula 1 Komissiyası pilotlara karyera ərzində nömrələrini dəyişməyə icazə verib və Las-Veqasda Maks Ferstappendən növbəti mövsümdə hansı nömrədən istifadə edəcəyi barədə soruşublar.
Maks Ferstappen: “Bu, çox yaxşı sualdır! Mən bunun üzərində qışda düşünəcəyəm, amma mənim sevimli nömrəm 3-dür. İndi anlamaq lazımdır ki, onu istifadə edə biləcəyəmmi.
Əslində mən 69 nömrəsini götürmək istəmişdim, amma atam bunun o qədər də yaxşı fikir olmadığını demişdi. Lakin 69 maşında hər iki tərəfdən eyni görünür! Ona görə də 69 şəkillər və marketinq üçün yaxşı seçimdir, həmçinin papaqlarda yerləşdirmək üçün də. Papağı necə taxmağından asılı olmayaraq, nömrə həmişə 69 olacaq. Bu baxımdan əla marketinq qərarıdır.
Bir də 27 nömrəsi xoşuma gəlir, ancaq onu artıq Niko Hülkenberq istifadə edir. Məncə 2 və 7 rəqəmləri birlikdə çox yaxşı görünür. Mənim ən sevdiyim isə 3-dür, amma xoşladığım başqa rəqəmlər də var”.
Pilot çempionatdakı vəziyyət və titul şansları barədə də danışıb: “Mənə uğur lazımdır, mövsümün sonuna qədər çoxlu uğur lazımdır, amma mən bu barədə düşünmürəm. Çoxlu xal qazanmaq lazımdır və mən sadəcə qalan həftəsonlarını yaxşı keçirmək istəyirəm.
Əbu-Dabidən sonra tətilə bağlayacağıq, bir az dincələcəyik və növbəti ilə hazırlaşmağa başlayacağıq.
Mövsümün necə keçməsi barədə çox narahat olmuram. Əgər əvvəlcədən bilsəydim ki, necə olacaq, bəlkə də artıq milyarder olardım. Əvvəlcədən bilsəydim ki, nəyi başqa cür etmək olar, həyat çox asanlaşardı. Lakin insanlar hər zaman öyrənir və səhv edir. Biz robot deyilik, həyat belədir. Buna görə də mövsümün gedişinə görə çox üzülmürəm.
Bilirəm ki, komanda mövsümün əvvəlindən 100 faiz gücü ilə işləyib və hələ də işləyir. Daha nə edə bilərik? Hər şeyi sınamışıq. Bir neçə mövsümü əla keçirmişdik, ancaq bu il əvvəlkilər qədər yaxşı alınmadı. Amma belə olur, çünki Formula 1-də rəqabət çox yüksəkdir. Bu il komandaların biri bizdən daha yaxşı çıxış etdi”.




Şərh əlavə et