Las-Veqas Qran Prisi Lando Norris üçün Formula 1-də 150-ci start olacaq. 26 yaşlı britaniyalı McLaren-də yeddinci mövsümünü başa vurur və hazırda çempionata liderlik edir. Amma o etiraf edib ki, bu yarış öncəsi keçən iki mərhələdəki qədər özünə inamlı deyil.
Lando Norris: “150 yarış həddinə çatmaq inanılmazdır! Bu, böyük rəqəmdir. Üstəlik, McLaren-lə çıxdığım yarışların sayında Devid Kulthardla bərabərləşdim. Ümumilikdə bu, möhtəşəmdir, bununla qürur duyuram, başa düşürsünüz? Zaman çox tez keçir, amma hələ də 2019 Avstraliya Qran Prisində starta çıxdığım günü, işıqların yanmasını və bütün o hissləri xatırlayıram. Elə bil, çox vaxt keçməyib…
Karyeramda ən çox qazanmaq istədiyim bir yarışı seçsəm, bu, ev trasım Silverstoundur. Buna görə də ən çox bu il Britaniya Qran Prisində qələbəmlə qürur duyuram, çünki orada valideynlərim, komandam və adımı daşıyan tribunada azarkeşlərim vardı. Həmin an məni uşaqlığıma qaytardı, çünki həmişə vətəndə qalib gəlməyi xəyal etmişdim.
Hamı bilir ki, yanaşmam dəyişmir: hər yarışı ayrı qiymətləndirirəm və mövsümün sonuna qədər belə olacaq. Komandamızla işləməkdən, hər sessiyadan həzz alıram və əlbəttə ki, həmişə qələbəyə can atıram. Son vaxtlar bir neçə yaxşı yarış keçirə bilmişəm, amma bəzən çətin olur, çünki indi komanda yoldaşım Oskarla daha sıx mübarizə aparmalı oluram. Buna görə də bəzən kənardan vəziyyəti qiymətləndirib nə etdiyimi analiz etməli oluram.
Las-Veqasdakı yarışla bağlı desəm, əminəm ki, bu trasda son iki ildə olduğundan daha yaxşı çıxış edə biləcəyik. O vaxtlar çempionatın ən çətin yarışı idi. Amma mənim gözləntilərim Meksika və ya Braziliyadakı qədər yüksək deyil, çünki son mövsümlərdə həmin traslarda həmişə yaxşı nəticələr göstərmişik.
Bununla belə, bu il bizim üçün əla keçir, çətinlik yaşadığımız sahələrdə irəliləyiş əldə etmişik. Buna görə də təbii ki, daha inamlıyam, amma əvvəlki mərhələlərdəki qədər uğura arxayın deyiləm. Yenə də gözləntilər yüksəkdir və qələbə uğrunda mübarizə aparmaq niyyətindəyəm. Sadəcə düşünürəm ki, bu dəfə əvvəlki iki yarışdan daha çətin olacaq.
Son vaxtlar hər şey yaxşı alınır, lakin daim bu səviyyədə çıxış etmək həqiqətən çətindir. Üstəlik, rəqiblərim inanılmaz dərəcədə güclüdür. Özümə çox tələbkar yanaşıram və həmişə ən yüksək səviyyədə çıxış etməyə çalışıram, ancaq buna zəmanət vermək mümkün deyil. Başa düşürəm ki, vəziyyət çox tez dəyişə bilər, bəzən şansın gətirməz, bəzən ideal çıxış edə bilməzsən, amma rəqiblərin edər. Yəni hər şey yalnız məndən asılı deyil”.




Şərh əlavə et