Xəbəri Kokpitdə Oxuyun!

Pirelli iki yarışın titul sponsoru olub

2026-cı ildə Pirelli Formula 1-in tarixinin ən önəmli iki yarışının — Böyük Britaniya və İtaliya Qran Prilərinin titul sponsoru olacaq. Hər iki yarış 1950-ci ildən bəri dünya çempionatının təqvimində fasiləsiz yer alan tarixi mərhələlərdir.

Bu mövsüm italyan təkər istehsalçısı özünün 500-cü Qran Prisini qeyd edib. Şirkət Formula 1-in strateji tərəfdaşı kimi çıxış etməyə davam edir və 2026-cı ildə adını iki əfsanəvi trasda keçiriləcək yarışlara vermək qərarına gəlib.

Silverstoun trası Böyük Britaniya mərhələsini iyulun ilk həftəsonunda qəbul edəcək, Montsa trası isə sentyabrın 4–6-da keçiriləcək İtaliya Qran Prisinə ev sahibliyi edəcək.

Bu iki yarışın hər biri hər il eyni ad altında keçirilən yeganə mərhələlərdir və indiyə qədər 76 dəfə baş tutub. Bu da bir növ rekord hesab olunur.

Pirelli-nin mətbuat xidməti növbəti mövsümə dair məlumatında bu tarixi əlaqəni də xatırladıb: “1950-ci ildə Silverstounda keçirilən ilk Formula 1 Qran Prisində qalib gələn Cüzeppe Farinanın Alfa Romeo bolidi Pirelli təkərləri ilə təchiz olunmuşdu. Həmin mövsümdə Farina həm də Montsada qalib gəlmiş və beləliklə, ilk Dünya Çempionluğunu qazanmışdı.

Bu səbəbdən də, Pirelli-nin məhz bu iki mərhələni seçməsi həm məntiqi, həm də simvolik məna daşıyır”.

Rauf Hacıyev

Şərh əlavə et