Xəbəri Kokpitdə Oxuyun!

Tsunoda yeni ön qanada keçəcək

Red Bull Racing bu həftəsonu Yuki Tsunodanın yeni ön qanad versiyasını əldə edəcəyini təsdiqləyib. Bu, Maks Ferstappenin Sinqapur Qran Prisindən bəri istifadə etdiyi modifikasiyadır.

Tsunodanın indiyədək istifadə etdiyi qanad, onun sözlərinə görə, “üç nəsil köhnə” qanad idi. Həmin model Ferstappenin maşınında Silverstounda quraşdırılmışdı və o vaxtdan bəri iki dəfə yenilənmişdi.

Yaponiya mətbuatının məlumatına görə, Ferstappenin yenilənmiş maşınının asılqan hündürlüyü Tsunodanın bolidindən daha aşağıdır, buna görə də yeni ön qanadlar əvvəlcə onun maşınına uyğun gəlmirdi. Lakin mühəndislər indi bu problemi həll ediblər.

Komandadan bildirilib ki, Maksın ixtiyarında artıq yetərincə ehtiyat hissələri var, üstəlik Meksikada üç sərbəst yürüş keçiriləcək və bu müddət ərzində bütün sazlamaları düzgün tənzimləmək mümkün olacaq.

Red Bull-un məqsədi McLaren-lə mübarizədə Tsunodanın da tempini artırmaqdır. Artıq Meksikada o, Ferstappenin maşınına çox yaxın texniki səviyyədə olan bolidlə yarışacaq. Komandanın gözləntisi isə belədir: “Maksimum halda, o, fərqi 0.3 saniyəyə qədər azaldacaq. Əgər daha da yaxınlaşsa, təəccüblənərəm” – deyə komandanın mühəndislərindən biri bildirib.

Rauf Hacıyev

Şərh əlavə et