Xəbəri Kokpitdə Oxuyun!

Vesti Meksikada Rasselli əvəz edəcək

Mercedes komandasının test və ehtiyat pilotu Frederik Vesti Meksika Qran Prisinin birinci sərbəst yürüşlərində Corc Rassellin bolidini idarə edəcək.

Danimarkalı sürücü bu mövsüm aprel ayında keçirilən Bəhreyn mərhələsində ilk dəfə W16 bolidinin sükanı arxasına keçmişdi və o zaman da Rassellin yerini tutmuşdu. İndi isə o, yenidən britaniyalı pilotun maşınına oturacaq.

Formula 1 qaydalarına əsasən, çempionatda iştirak edən hər bir komanda mövsüm ərzində dörd dəfə gənc sürücüyə sərbəst yürüşlərdə yer verməlidir. Gənc sürücü termini, iki Qran Pridən az yarışmış pilotlara şamil olunur. Kimi Antonelli üçün bu qayda tətbiq edilmir, çünki o, mövsümün əvvəlində Avstraliya və Çin Qran Priləri ilə artıq bu öhdəliyi yerinə yetirib.

Frederik Vesti: “Bu həftəsonu Meksikada W16 bolidinin sükanı arxasına qayıtmaqdan çox məmnunam. Son aylarda simulyatorda çox işlədim və indi əldə etdiyim bilikləri real trasda tətbiq etmək mənim üçün böyük imtiyazdır.

Bu mənə əlavə təcrübə qazandıracaq və sonradan Brəklidəki simulyator komandamızla bu məlumatları bölüşmək imkanı yaradacaq.
Meksika trası mənim üçün xüsusi əhəmiyyət daşıyır. Onun dəniz səviyyəsindən yüksək yerləşməsi səbəbindən maşın adətən daha az yüklənmə yaradır və soyutma sistemi daha zəif işləyir.

Pilot sükan arxasında asfaltayatma qüvvəsinin azaldığını və bolidin daha çox sürüşdüyünü hiss edir, bu da idarəetməni çətinləşdirir. Halbuki bu tras onsuz da mürəkkəbdir.

Stadion sektorundakı atmosfer isə möhtəşəmdir. Tribunaların azarkeşlərlə dolu olduğunu görmək insana xüsusi enerji verir”.

Mercedes-in mətbuat xidməti əlavə edib ki, Vesti hazırda komanda ilə əməkdaşlığını IMSA seriyasında çıxışları ilə uğurla birləşdirir. O, Cadillac zavod komandasının 31 nömrəli idman prototipi ilə çıxış edərək bu mövsüm Indianapolis Motor Speedway və Road Atlanta traslarında qələbə qazanıb.

Rodrigez Qardaşları avtodromu Frederik üçün yad deyil. 23 yaşlı 2023-cü ildə bu trasda Mercedes W14 ilə Formula 1-də ilk məşq sessiyasına çıxıb.

Rauf Hacıyev

Şərh əlavə et