Komanda bununla rəqiblərinə nisbətən az da olsa inkişaf etməyi və uğurlu nəticə sayəsində hazırda Mühəndislər Kubokundakı 9-cu yerini yaxşılaşdırmağı hədəfləyir.
Amma biz pit yolunun digər tərəfindən başlayaq, çünki Mercedes də W16 bolidinin aerodinamik elementlərində bəzi dəyişikliklər etdiyini bildirib.
Mercedes
Mercedes-də dəyişikliklər nisbətən kiçikdir və bolidin arxa hissəsinə, dəqiq desək, “arxa bucaq” adlandırılan sahəyə aiddir.
Burada arxa əyləclərin hava kanallarının yuxarı hissəsinin formasında düzəliş edilib və həmin hissəyə bərkidilmiş kiçik əlavə qanadların eni azaldılıb.
Birinci dəyişiklik hava axınının keyfiyyətini yaxşılaşdırmaq və bu bölgədən keçərək asılqanın yuxarı üçbucaq qollarını daha effektiv formada axıtmaq məqsədi daşıyır. Qanadların ölçülərinin azaldılması isə onların arxa təkərlə arasındakı məsafəni bir qədər artırmağa yönəlib.
Haas F1
Haas F1-in təqdim etdiyi yeniliklərin siyahısı beş bənddən ibarətdir və Mercedes-lə müqayisədə bu dəyişiklikləri “kiçik” adlandırmaq çətin olar, çünki onların üçü bolidin altlığı ilə bağlıdır.
Altlığın ön hissəsində Venturi tunellərinin arakəsmələrinin konfiqurasiyası dəyişdirilib. Arxa təkərlərə yaxın sahədə isə altlığın kənarlarında yerləşən kiçik əlavə qanadların ölçüləri azaldılıb. Bundan başqa, əsas aerodinamik element olan altlığın əsas hissəsinin formasında da müəyyən düzəlişlər edildiyi bildirilir, amma konkret detalları açıqlanmayıb.
Bu yeniliklər Silverstoundan əvvəl Esteban Okon və Oliver Bermanın bolidlərində sınaqdan keçirilmiş həllərin davamı sayılır və bolidin ilişməsini artıraraq, xüsusilə yüksək sürətli döngələrdə performansı yaxşılaşdırmağa yönəlib.
Bundan əlavə, edilən dəyişikliklər arxa təkərlərin yaxınlığında yerləşən əlavə qanadların formasında da kiçik korrektələr tələb edib. Sonda isə arxa güzgülərin dayaqları bir qədər yenidən işlənib. Bu da hava axınının optimallaşdırılmasına kömək edir.
Şərh əlavə et