Xəbəri Kokpitdə Oxuyun!

K.Antonelli: Yaxşı nəticə göstərməliyəm

Mercedes komandasının sürücüsü Kimi Antonelli bildirib ki, o, 2026-cı ildən sonra da “gümüşü oxlar”ın heyətində qalmaq istəyir.

Mercedes komandası ABŞ Qran Prisinin ərəfəsində Kimi Antonellinin 2026-cı il üçün müqaviləsini rəsmi şəkildə təsdiqləyib. Ostində jurnalistlərin suallarına cavab verən italyan sürücü komandanın qərarı barədə fikirlərini bölüşüb

Kimi Antonelli: “Komanda hər zaman planlarını və məqsədlərini çox aydın şəkildə ifadə edib, buna görə müqavilə ilə bağlı heç vaxt ciddi narahatlığım olmayıb. Amma yenə də rəsmi təsdiq almaq xoş hissdir. Bilirsiniz, yüksəlişlərin və enişlərin olduğu bu dövrlərdə, xüsusilə də çətin anlarda, istər-istəməz müəyyən şübhələr yaranırdı. Lakin komanda hər zaman mənə dəstək olub və növbəti mövsümdə də birlikdə işləmək istədiklərini açıq şəkildə bildirib.

İndi hər şeyin rəsmi təsdiqlənməsinə sevinirəm. Əlbəttə, müqavilənin uzadılacağını bilirdim, ancaq indi artıq tam əmin olduğum üçün bir qədər rahatlamışam. Növbəti mövsüm üçün yerimin olmasını bilmək xoşdur”.

Gələcəkdə – 2026-cı ildən sonra da Mercedes-də qalmaq perspektivi ilə bağlı suala Kimi belə cavab verib: “Bunu hələ dəqiq bilmirəm. Hər il mümkün qədər yaxşı çıxış etməyə, maksimum nəticələr əldə etməyə çalışıram. Komanda ilə bu barədə danışmışıq və onlar yalnız gələn il yox, gələcəkdə də əməkdaşlığı davam etdirmək istəyirlər. Amma bunun üçün mən də nəticə göstərməliyəm.

Görünür, onların planlarında 2026-cı ildən sonra da mənimlə işləmək var, lakin bu, mən tərəfdən yalnız nəticələrlə təsdiqlənə bilər. Bu xüsusilə gələn il üçün çox vacibdir, çünki artıq birillik təcrübəm olacaq və yeni texniki reqlamentlə birlikdə yaxşı fürsətlər yarana bilər.

Əgər sürətli maşınımız olsa, nəticələri maksimuma çatdırmaq və özümün ən yaxşı keyfiyyətlərimi nümayiş etdirmək mənim üçün əsas məqsəd olacaq. Yalnız bu halda 2027-ci ildə və gələcəkdə komandada yerimi qoruyub saxlaya bilərəm”.

Rauf Hacıyev

Şərh əlavə et