Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Həmilton cərimələnib

Ferrari komandasının pilotu Lyuis Həmilton Sinqapur Qran Prisində yarış zamanı dəfələrlə tras limitlərini aşdığı üçün 5 saniyəlik zaman cəzası alıb. Bu qərar britaniyalı pilotun 8-ci yerə geriləməsinə səbəb olub.

FIA-nın yayımladığı qərar hesabatında britaniyalı pilotun “əyləc problemi”ni səbəb kimi göstərməsi “etibarlı əsas” sayılmayıb.

Yarışın gedişində Lyuisin tras hüdudlarını aşdığı bir neçə epizod FIA-nın yarış nəzarəti tərəfindən araşdırılmağa götürülmüşdü.

Aparılan təhlil və yarış direktorunun hesabatı əsasında qərar verən idman komissarları Ferrari pilotunun “əsaslı səbəb olmadan tras limitlərini aşdığını” qeyd ediblər.

Hakimlərin rəsmi raportunda belə yazılıb: “Pilot əyləc problemlərinə nəzarət etməyə çalışarkən bir neçə dəfə trasdan çıxdığını etiraf edib.

Lakin əlavə araşdırmadan sonra sürücülük standartları qaydalarında göstərilən istisnalara əsasən bunun etibarlı səbəb olmadığı müəyyən edilib. Buna görə də bu cür pozuntular üçün tətbiq olunan standart cəza verilib”.

Hamiltonun komandası da qərara etiraz etməyib. Cəza pilotun yarış nəticəsinə 5 saniyə əlavə olunması ilə tətbiq ediləcək.

Bu cəza Lyuis Həmiltonun yekun nəticəsinə birbaşa təsir göstərib. Beləliklə, əvvəlcə 7-ci yerdə finişə çatan Ferrari komandasının pilotu, cəzadan sonra 8-ci pilləyə enib.

Rauf Hacıyev

Şərh əlavə et