Siqapurda sıralanma turu quru hava şəraitində keçib. Havanın temperaturu 30 dərəcə, asfaltın temperaturu isə 35 dərəcə olub.
Marina Baydakı sıx və dar şəhər trasında ötmə demək olar ki, mümkün deyil. Buna görə də sıralanma turu həftəsonunun ən vacib sessiyası sayılır. Son 15 ildə 10 dəfə pouldan start alan sürücü yarışı qazanıb. Qalan hallarda isə hava şəraiti və ya qəzalar hadisələrin gedişatına təsir edib.
Bu həftəsonunda da qəzalardan qaçmaq mümkün olmayıb. Cümə günü məşqlər iki dəfə qırmızı bayraqlarla dayandırılıb, şənbə günü isə üçüncü sərbəst yürüşlərdə Liam Lousonun həftəsonundakı ikinci qəzasından sonra sessiya yenidən dayandırılıb. Üçüncü sərbəst yürüşdə lider Maks Ferstappen olub, ilk beşlik cəmi 0.09 saniyənin içində olub. Bu da sıralanma turunun çox maraqlı keçəcəyini vəd edib.
Ötən illə müqayisədə Sinqapur trasının məsafəsi yeni tikililər səbəbilə 13 metr qısaldılıb, buna görə də əvvəlki rekordlar etibarsız sayılır.
Pirelli bu mərhələyə ən yumşaq üç tərkibi gətirib, lakin bu dəfə qeyri-sabit C6 tərkibi siyahıda olmayıb. Buna görə də bütün komandalar ənənəvi C3, C4 və C5 tərkibləri (müvafiq olaraq Hard, Medium və Soft) mübarizə aparmalı olublar.
Birinci sessiya:
Bütün sürücülər dərhal Soft təkərlərlə trasda görünüblər. Təkərlər bir neçə dövrə ərzində fasilələrlə sürətli vaxt göstərməyə imkan verirdi. Tıxac və sarı bayraqlar mane olsa da, insident yaşanmayıb.
Piastri və Kolapinto uzun müddət təmiz dövrə şansı tapa bilməsələr də, sonda hamı nəticə göstərə bilib.
Ən yaxşı vaxtı Lyuis Həmilton göstərib – 1:29.765
Mübarizəni Bortoleto, Stroll, Kolapinto, Okon və Qasli dayandırıblar.
Qasli sükan sisteminin ağırlaşdığını bildirib və hidravlik problemlər səbəbindən maşını təhlükəsizlik zonasına çəkib. Bolidi evakuasiya etməli olublar, buna görə də ikinci sessiyanın startı bir neçə dəqiqəlik təxirə salınıb.
İkinci sessiya:
Ferstappen ilk cəhdində lider olub – 1:29.747. Heç kim onu keçə bilməyib. Antonellinin dövrəsi trek limitlərini aşdığı üçün ləğv edilib.
14-cü döngədə Lekler əvvəlcə arxa sol, sonra ön təkərlə baryerə toxunub, amma maşına zərər dəyməyib.
İkinci cəhddə Antonelli vaxtını yaxşılaşdıraraq, 1:29.649 zaman nəticəsi göstərib, ardınca Rassell 1:29.562 zaman nəticəsi ilə zirvəyə yüksəlib. Maks nəticəsini yaxşılaşdırsa da, Corcu keçə bilməyib. Həmiltonun dövrəsi ləğv edilib və o, boksa qayıdıb.
Sessiyanın sonunda Rassell birinci olub. Hülkenberq, Elbon, Sayns, Louson və Tsunoda final sessiyasına keçə bilməyiblər.
Final sessiyası:
Berman, Alonso və Lekler ilk cəhdlərini işlənmiş təkərlərlə vurublar, digər sürücülər isə trasa təzə dəstlə çıxıblar.
Rassell 1:29.165 zaman nəticəsi ilə lider olub; o və Piastri 17-ci döngədə baryerə toxunsalar da, maşınlara zərər dəyməyib.
İkinci cəhdə yalnız Həmilton işlənmiş təkərlərlə çıxıb. Rassell bir qədər də yaxşı nəticə göstərərək 1:29.158 zaman nəticəsi ilə zirvədə qalıb.
Nəticə:
Corc Rassell Sinqapurda sıralanma turunu qazanıb – bu, onun karyerasında yeddinci, mövsümdə isə ikinci pouludur (birincisi Kanadada idi).
Sabah onunla ilk cərgədən Maks Ferstappen start alacaq – o, cəmi 0.2 saniyə geridə qalıb.
İkinci cərgədə Piastri və Antonelli, üçüncü cərgədə isə Norris və Həmilton yer alıblar.
Şərh əlavə et