Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: F1 mənim üçün daha vacibdir

Maks Ferstappen keçən həftənin şənbə günü Nürburqrinqin “Şimal halqası” trasında GT3 sinifli avtomobilin sükanı arxasında qalib gəlmişdi.

Dördqat Dünya Çempionu cümə axşamı Sinqapurda  qələbə barədə məmnuniyyətlə danışıb və 2026-cı ildə “Şimal halqası”nda 24 saatlıq marafona qatılmaq perspektivindən bəhs edib.

Bununla belə, Maks əlavə edib ki, onun üçün əsas prioritet Formula 1 olaraq qalır və digər seriyalarda iştirak çox vaxt dünya çempionatdakı vəziyyətdən asılı olacaq.

Maks Ferstappen: “Çox əyləncəli alındı, amma mən buna uzun müddət hazırlaşmışdım. İki günü əla keçirdim, həm yaş, həm də quru trasda maşını idarə etdim, əlavə təcrübə qazandım.

Qələbə xoş bir bonus oldu, amma bu, məni ən yaxşı sürücü edirmi? Mən artıq illərdir GT3-də simulyatorda yarışırdım, ona görə də real avtomobili idarə etmək o qədər də fərqli deyildi. Lakin tam əminliklə deyə bilərəm ki, bu yarışda iştirak məni zəiflətmədi.

Gələn ilin proqramı bir çox amillərdən asılı olacaq və ilk növbədə Formula 1-dən.  Yeni reqlamentə keçid səbəbindən mövsümün startı çox çətin olacaq, buna görə də qeyri-müəyyənlik faktorunu nəzərə almaq lazımdır.

Yəqin ki, növbəti ilin əvvəli yeni reqlament şəraitində daha gərgin keçəcək. Üstəlik, bizim GT3 komandamız da hələ hansı maşında çıxış edəcəyini və digər məsələləri həll etməlidir. Mənim və komanda yoldaşlarım üçün konkret planlar qurmazdan əvvəl bir çox suallara cavab tapmaq lazımdır.

Mən GT3-ə qayıtmaq istəyirəm, amma hazırda gələn il neçə yarışda iştirak edə biləcəyimi bilmirəm. Əgər imkan olsa və Formula 1 icazə versə, əlbəttə ki, yenidən starta çıxacağam.

Formula 1 mənim prioritetim olaraq qalır. Çoxlu yarış keçiririk, amma buna özüm razılıq vermişəm. Uzun mövsüm məni nə məyus edir, nə də ruhdan salır. Mən bilirəm ki, əbədi yarışmayacağam. Bununla yanaşı, GT3 komandamın da yaxşı vəziyyətdə olduğundan, yarışa biləcəyindən əmin olmalıyam. Əgər onlara qoşulmaq imkanı yaranarsa və mən özüm də istəsəm, yenidən sükan arxasına qayıdacağam.

Hamımız anlayırıq ki, 24 saatlıq marafonlar nə qədər böyük enerji tələb edir. Buna görə də bəzi əla yarışları buraxmaq lazım gəlir. Mən hələ gəncəm və belə yarışlarda sonradan iştirak edə biləcəyəm”.

Rauf Hacıyev

Şərh əlavə et