Kokpit.az xatırladır ki, yaponiyalı sürücü İtaliya yarışına 9-cu yerdən başlasa da, finişə 13-cü yerdə çatıb.
Yarışdan sonra verdiyi açıqlamalarda yapon pilot, xüsusilə Racing Bulls sürücüsü Lousona qəzəbini ifadə edib və bolidinin aldığı zədədən sonra yaşadığı sürət itkisinə görə Yeni Zelandiyalı sürücünü məsuliyyətli sayıb.
Yuki Tsunoda: “Pit-stopum yaxşı idi. Amma Lousonun mənə təması diqqətimi yayındırdı. Zədə aldım və bu məni kifayət qədər yavaşlatdı. Çox əsəbiyəm, çünki mənim üçün tamamilə lazımsız idi”.
Zədənin dəqiq təfərrüatlarının hələ məlum olmadığını bildirən Tsunoda, RB21-in aerodinamikasında ciddi zədə ola biləcəyini düşünür. O, Red Bull-un əsas komandasında çıxış etdiyi halda, əvvəllər yarışdığı Racing Bulls-la belə bir hadisə yaşamağın təəccüblü olduğunu da qeyd edib: Düzünü desəm, nə deyəcəyimi bilmirəm. Hər dövrədə bir saniyə qazanırdım. Louson isə yarışa ən arxadan başlamışdı və xal uğrunda belə mübarizə aparmırdı. Əgər xal üçün savaşsaydı, bunu anlaya bilərdim. Çünki qardaş komanda olsaq da, əslində rəqibik. Amma bu vəziyyətdə bunun heç bir mənası yox idi.
Xal toplamaq üçün mübarizə aparırdım, o isə yox. Nə deyəcəyimi bilmirəm”.
Ferrari pilotu Lyuis Həmiltonla insidentə də toxunan Tsunoda, yeddiqat dünya çempionunu onu sıxışdırmaqda günahlandırıb: “Məni açıq-aşkar sıxdı. Yəqin ki, 1-ci döngəni özü də ala bilmədi, elə deyilmi? Mən isə təmasdan yayınmağı bacardım və buna görə xoşbəxtəm. Bu, əslində yaxşı bir məqam idi. Çünki Həmilton döngəni belə dönə bilmədi və birbaşa üstümə girdi. Bu mövzunu gündəmə gətirəcəyəm”.
2025-ci il mövsümünün onun üçün çətin keçdiyini etiraf edən Tsunoda, bununla mübarizə aparmaq üçün irəliyə baxdığını və inkişafına fokuslandığını vurğulayıb: “Bu asan deyil, amma bunu etmək məcburiyyətindəsən. Çətin vəziyyətdir. Amma sıralanma turlarında nəticələrimin yaxşılaşdığını düşünürəm. Bu həftəsonunda da bəzi müsbət cəhətlər gördüm. İkinci sessiyaya qədər Maksın cəmi 0.2 saniyə arxasında idim. Son sessiyada nələrin baş verdiyini bilirəm, bu da böyük fərq yaratdı. Amma getdikcə ora yaxınlaşıram. Açıq danışmaq lazımdırsa, üzərində daha çox işləməli olduğum sahələr var. Amma bu yarışda olduğu kimi, zədələr mənə kömək etmir. Asan deyil, amma döyüşməyə davam etməlisən və özünə inanmalısan”.
Montsada Komanda yoldaşı Maks Ferstappenlə fərqli paketləri istifadə etdiklərini açıqlayan Tsunoda, fərqləri belə izah edib: “Komanda bolidi daha yaxşı hala gətirmək üçün əlindən gələni edir. Mən də buna görə xoşbəxtəm. Əslində bu, gözlənilən idi. Spada olduğu kimi böyük bir fərq deyildi. Daha çox xırda detallardan ibarət idi. Ümid edirəm ki, növbəti yarışda Maksla eyni paketi istifadə edə biləcəyəm. Əmin deyiləm, amma mövcud paketlə limitlərdə aşmağa davam edirəm. Ən azından bu paketlə Maksa yaxın ola bildiyimi göstərirəm”.
Tsunoda hələ də Red Bull ilə 2026-cı il üçün müqaviləsini yeniləməyib. Red Bull-un idman məsləhətçisi Helmut Marko daha əvvəl yapon pilotun gələcəyinin mövsümün ikinci yarısında göstərəcəyi performansdan asılı olacağını açıqlamışdı. Komanda rəhbəri Loren Mekis də cümə günü verdiyi açıqlamada, ikinci sürücü barədə qərarın mövsüm bitmədən veriləcəyini bildirib. Ona görə də Tsunodanın özünü sübut etməsi üçün qarşıda təxminən beş-altı yarış qalır.
Bu vaxtın yetərli olub-olmaması barədə suala Tsunoda belə cavab verib: “Yeterli olub-olmaması onların qərarıdır. Mən sadəcə mövcud paketdən maksimum performansı almağa çalışıram. Onların verdiyi hər fürsəti dəyərləndirirəm və yarışdan yarışa inkişaf əldə etdiyim üçün xoşbəxtəm. Amma xal qazanmaq da vacibdir və bunun üzərində işləyirəm. Ümumilikdə, bilmirəm. Bu, onların qərarı olacaq”.
2026-cı il üçün başqa komandalarla danışıqlar aparıb-aparmadığı sualına isə Tsunoda belə cavab verdi: “Bu, mənim fokuslandığım sahə deyil. Bu işlə menecerlərim məşğul olur. Mən sadəcə performansıma diqqət yetirirəm və düşünürəm ki, indiyədək işlər yaxşı gedib”.




Şərh əlavə et