Kokpit.az xatırladır ki, taylandlı sürücü İtaliya yarışına 14-cü yerdən başlasa da, finişə yeddinci yerdə çataraq, çox vacib 6 xal qazanıb.
Aleks Elbon komanda daxilində Karlos Saynsla bağlı müzakirələrə də aydınlıq gətirib: “Çox danışmadım, gözlədim. Əslində yerlərimizi dəyişməyimiz lazım deyildi, amma Karlos təmiz havada sürətli idi. Mən Hard təkərlərlə daha da sürətli idim. Onun taktikasına icazə verməli olduq. Sonradan təmiz hava tapanda mən də tempimi ortaya qoydum. Komanda olaraq vəziyyəti yaxşı idarə etdik”.
Taylandlı sürücü Montsada hava kisəsinin önəminə toxunub: “Ötməni etdiyim anda yarım saniyə qazandım. Amma Montsada hava kisəsi çox böyük təsir göstərir, fərqi döngələrdə bağlamaq asan deyil. Buna baxmayaraq, təmiz havaya çıxanda tempimiz çox rahat idi”.
Əsas problemin sıralanma turunda yaşandığını deyən Elbon, problemin təkərlərin hazırlıq dövrələrindən qaynaqlandığını vurğulayıb: “Üç yarışdır ki, sıralanma turunda çətinlik çəkirəm. Bu həftəsonu da xüsusilə təkər temperaturu ilə bağlı çox əziyyət çəkdik. Sərbəst yürüşlərdə sıralanma tempində məşq etdik, amma aşağı yanacaqla təkərləri işlətməyi heç bacarmadıq. Yarışda bolid çox sürətli idi, Ferrari və Mercedes qədər tempimiz var idi, amma startdakı mövqeyimiz pis idi”.
O, gənc pilot Kimi Antonelli ilə yaşadığı mübarizədən də danışıb: “Ondan boşluq qoymasını gözlədim, qoymadı, amma problem olmadı. Medium təkərlərin üstünlüyündən istifadə edərək, sürətli keçmək istədim. Bir az sərt mübarizə olsa da, amma təmiz idi”.




Şərh əlavə et