Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Gözlənilməz nəticədir

Aston Martin komandasının sürücüsü Fernando Alonso Montsada keçirilən sıralama turunda üçüncü sessiyaya yüksəlməsini gözlənilməz nəticə kimi qiymətləndirib.

İkiqat Dünya Çempionu bildirib ki, onlar sıralanma turunun birinci sessiyasında hər 3 dəst təkərdən istifadə ediblər və sessiyanı orada bitirməyi gözləyiblər. Lakin düzgün təkər hazırlığı fərq yaradıb

Fernando Alonso: “Üçüncü sessiyada olmaq sürpriz idi. Birinci sessiyada üç dəst təkər işlətdik, çünki günün bizim üçün orada bitəcəyini düşündük. Amma Həmiltonun cəzası ilə yarışa səkkizinci yerdən başlayırıq. Fərqi təkərlərin hazırlanması yaratdı. Onları doğru nöqtəyə gətirməkdə çətinlik çəkirdik, amma sıralanma turunda yanaşmanı dəyişdik. Qızdırma dövrələrində  və hazırlıqda fərqli yol seçdik, nəticədə maşın çox yaxşı oldu”.

İspaniyalı sürücü həmçinin qeyd edib ki, trafikin içində düzgün mövqedə olmaq və hava kisəsindən yararlanmaq vacib rol oynayıb: “Hava kisəsi üçün doğru maşınların arxasında olmağı bacardıq. Komanda pit yolu və radio əlaqəsində möhtəşəm iş gördü. Buna görə həm təkər hazırlığı, həm də trafik idarəsi yaxşı alındı”.

Yarış üçün isə Alonso daha ehtiyatlı danışıb və Aston Martin-in düzlüklərdə ən zəif maşın olduğunu xatırladıb: “Düzlüklərdə ən yavaş bizik, bu bir az narahatlıq yaradır. Amma xal zonasından çox uzaqda olmağı gözləyərkən indi səkkizinci yerdən başlayacağıq. Son saatlarda vəziyyət dəyişdi, indi daha nikbinəm”.

Strategiya barədə də danışan Alonso bildirib ki, bir pit-stoplu strategiya ön plana çıxacaq: “Tarixən burada yarış bir pit-stopla keçir. Amma bizim üçün əsas məsələ tempdir. Sabah ilk 10-12 dövrədə görəcəyik: sərbəst yürüşlərdəki maşınmı olacaq, yoxsa sıralanma turundakı maşınmı?”

Ümumi mövsüm barədə də fikirlərini bölüşən Fernando Alonso komandanın irəliləyişindən razılıq  edib: “Keçmiş illərdə mövsümün bu dövründə itmişdik, bəzi yeniliklər işə yaramamışdı. İndi isə maşını inkişaf etdirmək baxımından çox daha pozitivik. Maşına inamımız artıb və 2026-cı il üçün doğru istiqamətdə irəlilədiyimizi hiss edirəm”.

Aston Martin komandasının digər sürücüsü Ləns Stroll isə İtaliya Qran Prisinin təsnifatını 17-ci yerdə başa vurub. O etiraf edib ki, komanda əvvəlcədən Montsada çətinlik gözləyirmiş.

Ləns Stroll: “Montsaya gələndə bilirdik ki, bu tras bizim maşına uyğun deyil və çətin həftəsonu olacaq. Təsnifatda əlimdən gələni etdim, amma nəticələr çox sıx idi və 17-ci yer bizim üçün maksimum oldu. Sabah nə edə biləcəyimizə baxacağıq, amma ümid edirəm ki, müəyyən şanslarımız olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et