Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Qələbəyə inanmıram

İtaliya Qran Prisinin təsnifat mərhələsində Ferrari komandasının pilotu Şarl Lekler 4-cü nəticə göstərib. O, dövrəsindən razı qalsa da, bazar günü qələbə şansını real görmür.

Kokpit.az xatırladır ki, daha əvvəl bu trasda iki dəfə qalib gəlmiş monakolu sürücü bugünkü yarışa dördüncü yerdən başlayacaq. O, sıralanma turunun son sessiyasındakı ilk cəhdində yaxşı nəticə göstərsə də, ikinci cəhdində vaxtını yaxşılaşdıra bilməyib.

Şarl Lekler: “Birinci cəhdim demək olar ki, ideal alınmışdı. Heç kim mükəmməl dövrə ata bilməz, amma mən istədiyimə çox yaxın nəticə göstərdim. Onsuz da bilirdim ki, ikinci cəhddə bu nəticəni təkrarlamaq çətin olacaq  və elə də oldu.

Maksın öndə olduğunu görəndə başa düşdüm ki, final seasiyasında ilk cəhddən risk etməliyəm. İkinci dəfə daha yaxşı nəticə göstərməyə çalışdım, amma alınmadı. Heç nədən peşman deyiləm, çünki mövcud vəziyyətdə ən yaxşı start mövqeyini əldə etmişəm. Əlbəttə, birinci nəticəni görəndə ümidlərim artmışdı, amma rəqiblər reallığı göstərdi.

Keçən il qeyri-mümkünü bacardıq və alternativ strategiya sayəsində qalib gəldik. Bu dəfə işimiz daha çətin olacaq, çünki hamıya aydındır ki, hansı strategiya daha effektivdir. Yeni nəsə fikirləşmək çox çətin olacaq. Açığı, qələbə qazanmağımıza çox təəccüblənərəm, amma əsla ‘heç vaxt’ demək olmaz”.

Rauf Hacıyev

Şərh əlavə et