Xəbəri Kokpitdə Oxuyun!

K.Antonelli: İmoladan dərs çıxardım

Mercedes-in gənc pilotu Andrea Kimi Antonelli, İtaliya Qran Prisindən əvvəl keçirilən mətbuat konfransında keçən ildən bəri yaşadıqlarını və Montsa barədə təəssüratlarını bölüşüb.

İtalyan sürücü üçün Montsa xüsusi əhəmiyyət daşıyır. Çünki məhz burada onun Formula 1-dəki ilk mövsümü rəsmən elan edilmişdi.

Kimi Antonelli: “Bura mənim ikinci ev yarışım, amma eyni zamanda hər şeyin başladığı yerdir. Buna görə çox xüsusi bir həftəsonu olacaq. O gündən bəri hər şey çox intensiv keçdi, amma ümumilikdə yaxşı gedir”.

Bolidin performansı ilə bağlı ehtiyatlı danışan gənc pilot  komandaların bir-birinə yaxınlaşdığına diqqət çəkib: “Proqnoz vermək çətindir, çünki maşınlar getdikcə daha da yaxınlaşırlar. Amma ötən il burada,  xüsusən də sıralanma turunda güclü idik. Bu mövsüm də keçən il yaxşı olduğumuz traslarda güclü olduq. Ümid edirəm Montsada da oxşar olar, amma heç vaxt əmin ola bilmirsən”.

Simulyator üzərində apardığı hazırlıqlardan da danışan Antonelli, Montsanı digər traslarla müqayisə edib: “Burada çox aşağı aerodinamik yüklənmə var. İlk iki şikanda sərt əyləcdən sonra aşağı sürətli döngələr gəlir, bu baxımdan Melburna bənzəyir. Amma Lesmo, Askari və Parabolika kimi sürətli döngələr də var. Xarakter olaraq Monreal ilə oxşarlıqlar var, amma turun ikinci hissəsi fərqlidir. Köhnə asılqan sisteminə qayıtmağımız bizə daha çox inam verdi, buna görə yaxşı temp tutacağımıza inanıram”.

Gənc sürücü, İmoladakı ilk ev yarışından aldığı dərslərin Montsa yarışına hazırlığında önəmli rol oynadığını da qeyd edib: “İmolada çox şey üst-üstə gəlmişdi və əgər yenidən olsa, bəzi şeyləri fərqli edərdim. Montsaya daha hazırlıqlı gəlirəm. Nə gözləməli olduğumu, həftə ərzində necə hərəkət etməli olduğumu artıq daha yaxşı bilirəm. Beləliklə, trasa çıxdığım an hər dəfə yüz faizimi verə biləcəyəm”.

Rauf Hacıyev

Şərh əlavə et