Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: Montsada yeni xatirələr istəyirəm

Williams komandasının sürücüləri Karlos Sayns və Aleks Elbon İtaliya Qran Prisinə optimist əhval-ruhiyyədə hazırlaşırlar. Britaniya komandası hesab edir ki, Montsa trasının xüsusiyyətləri FW47 bolidinə uyğun gəlməlidir.

Kokpit.az xatırladır ki, Williams komandası Montsada həmişə yaxşı nəticələr qazanıb və bu il də “sürət məbədi”nə böyük gözləntilərlə yollanırlar.

Karlos Sayns: “Bu həftə Montsaya yollanırıq. Formula 1-dəki illərim ərzində burada çoxlu xoş xatirələrim olub. İndi ümid edirəm ki, Williams-la, FW47-nin sükanı arxasında bu inanılmaz sürətli trasda yeni xatirələr qazanacağam.

Əminəm ki, keçən həftəsonunun uğursuzluqlarını arxada qoyacağıq. Bu möhtəşəm trasda uğurlu çıxışı səbirsizliklə gözləyirəm!”

Aleks Elbon: “Bu həftəsonu Montsaya qayıtmağı səbirsizliklə gözləyirəm. Bu mərhələ ardıcıl iki yarış həftəsinin sonuncusu olacaq. Son yarışda inamlı şəkildə beşinci yeri tutdum və indi daha bir trasda çıxış edəcəyik ki, bu da bizim maşına uyğun gəlməlidir. Üstəlik, burada idarəetmə prosesi sadəcə maraqlıdır.

Montsada sıralanma turunda həmişə taktiki oyunlar başlayır. Buna görə də maksimum dərəcədə çalışmalı və səhvlərdən yayınmalıyıq ki, rəqiblərin qarşısında qala bilək. Bunun üçün bütün gücümüzü ortaya qoyacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et