Kokpit.az xatırladır ki, italyan sürücü üçüncü döngədə Şarl Lekleri keçmək istərkən rəqibinə təmas edib və yekunda monakolu sürücü mübarizəni dayandırıb. Kimi Antonelli isə bu insidentə görə 10 saniyə zaman cəzası alıb. Üstəlik lisenziyasına iki cərimə balı yazılıb.
Kimi Antonelli manevrini həddindən artıq riskli hesab etdiyini deyib: “Yəqin ki, ən yaxşı şansım idi, çünki çox yaxın idim, onun təkərləri isə daha soyuq idi. Ötməyə cəhd etdim, amma çox aqressiv oldu. Geri çəkilməyə çalışdım, amma kifayət etmədi. Gələn dəfə yüz faiz əmin olmadığım halda belə addım atmayacağam, iki dəfə düşünəcəyəm”.
İtalyan pilot, pit yolunda sürət həddini aşmasının da əlavə səhv olduğunu etiraf edib: “Dəqiq nə vaxt baş verdiyini bilmirəm, amma yəqin ki, ilk pit-stop zamanı baş verib. Bir daha təkrarlanmaması üçün diqqətli olacağam”.
Antonelli, təhlükəsizlik maşınının gec çıxmasının da şanssızlıq yaratdığını bildirib: “Arxamdakı pilotla demək olar ki, 10 saniyəlik fərq açmışdım. Təhlükəsizlik maşını olmasaydı, altıncı və ya yeddinci yerdə bitirmək mümkün idi”.
Gənc sürücü toqquşmadan sonra maşınında ciddi zədələrin yarandığını da açıqlayıb: “Maşının sağ tərəfi demək olar ki, tamamilə zədələnmişdi. Ön qanad qopdu, altlıq yerə sürtünürdü, sükan normal deyildi. Çoxlu titrəmə var idi, amma bacardığımız qədər davam etməyə çalışdıq”.
Şərh əlavə et