Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Cüməyə nisbətən zəif idik

Aston Martin komandasının sürücüsü Fernando Alonso bugünkü yarışda xala ümid edir.

Zandfortda keçirilən təsnifat mərhələsi Aston Martin üçün qarışıq nəticə ilə yadda qalıb. Ləns Stroll ilk sürətli dövrəsində qəzaya düşüb. Kanadalı sürücü maşının iki təkəri ilə otluğa çıxıb, idarəetməni itirib və baryerlərə çırpılıb. O, nəticə göstərə bilməyib. Komandanın təcrübəli pilotu Fernando Alonso isə son sessiyaya yüksələrək 10-cu yerdə təsnifatı başa vurub.

Fernando Alonso (10-cu): “Məqsədimiz hər həftəsonu təsnifatın finalına yüksəlməkdir və buna nail olduğumuz üçün sevincliyik. Amma cümə günü ilə müqayisədə sürətimiz bir qədər az oldu. Zandfortda ötmə çətindir, amma 10-cu yerdən start alaraq, xal qazana biləcəyimizi ümid edirəm”.

İspaniyalı pilot cümə günkü performans fərqini yanacaq yükü ilə izah edib: “Yəqin ki, dünən digər maşınlardan daha az yanacaqla trasa çıxmışdıq. Fərq də bundan qaynaqlanırdı. Bu, adətən bizdə olur. Cümə günləri yüz faiz performansla trasa çıxırıq, digərlərinin isə ideal sazlamanı tapmaq və pilotların uyğunlaşması üçün bir az daha çox vaxta ehtiyacı olur. Mənim təcrübəm isə trası və maşını tez öyrənməyə imkan verir. Buna görə də birinci sessiya və ya ilk məşqlərdə yüz faizə çatmaq üçün çox vaxta ehtiyac duymuram. Onlar yavaş-yavaş inkişaf edirlər və sonunda maşınımız hansı nəticəni haqq edirsə, o yeri tuturuq”.

Fernando Alonso nəticəni dəyərləndirərək əlavə edib: “Bu gün nəticə 10-cu yer oldu. Son sessiyaya yüksəldik və bu da əsas hədəfimiz idi. Şənbə günü ilk onluqda olmaq, bazar günü isə xal qazanmaq istəyirik. Şənbə bunu bacardıq, indi isə görək sabah xal toplaya biləcəyikmi”.

Təcrübəli pilot yarış üçün təkər strategiyasına da toxunub: “Bugünkü seçimlərimiz sabaha hesablanmışdı. İki Hard təkəri yarış üçün saxladıq. Birbaşa rəqiblərimizin əksəriyyətində sabah üçün iki Hard təkər yoxdur. Əgər yarış iki pit-stop tələb etsə, bunu üstünlüyə çevirməyə çalışacağıq. Amma tək pit-stopla keçsə, o halda hamımız eyni təkərlərə sahib olacağıq”.

Yarış planı barədə də ehtiyatlı danışan Alonso, belə deyib: “Əlbəttə, görəcəyik. Çox da aydın deyil. Bu yarış həmişə tək pit-stopla keçirdi, amma bu il pit yolunda sürət 80 km/saata endirilib. Bu da iki pit-stop ehtimalını artırır, amma bundan əmin deyilik. İlk 15-20 dövrənin necə keçəcəyinə baxacağıq və ona görə qərar verəcəyik”.

Ləns Stroll (vaxtsız): “Çox pis oldu. Mən səhv etdim, qazonlu sahəyə çıxdım və nəticədə qəzaya düşdüm. Başqa əlavə sözüm yoxdur, hamı gördü. Çox məyusam. Asılqan sınmışdı, ona görə də trasda qalmağa davam edə bilmədim. Ən pisi odur ki, sərbəst yürüşlərdə özümü maşında çox rahat hiss edirdim, balans isə ilk sessiyadan etibarən məni tam qane edirdi”.

Rauf Hacıyev

Şərh əlavə et