Xəbəri Kokpitdə Oxuyun!

Ferrari-nin problemi təkcə arxa asılqan deyil?

Ferrari yay tətilini motivasiya toplayaraq geridə qoyub və mövsümün son 10 yarışına daha yaxşı və diqqətli başlamağı hədəfləyir. Lakin SF-25-in texniki baxımdan inamsızlığı, sürücülərin maşına inamını azaldır.

Yay tətilindən əvvəl planlaşdırılan altlıq yeniliyi rədd edilib və inkişaf işləri dayandırılıb. Artıq Maranelloda çempionluq hədəfi kənara qoyulub, komanda diqqətini Mercedes-ə qarşı ikinci yeri qorumağa yönəldib. McLaren ilə xal fərqi artsa da, Mercedes cəmi 20 xal geridədir və Ferrari üçün səhvlərə yer yoxdur.

Avstriya Qran Prisində gətirilən yeni altlıq və arxa asılqan paketi müəyyən problemlərdə inkişaf təmin etsə də, maşın hələ də limitlərdə gözlənilməz davranır.

Komanda rəhbəri Frederik Vassyörün Auto Motor und Sport-a verdiyi açıqlamasına görə, Çindəki diskvalifikasiyalardan sonra altlıq hündürlüyünü təhlükəsiz intervalda saxlamaq məcburiyyəti performans baxımından ciddi itkilərə səbəb olub. SF-25-in konstruksiyası o qədər həssasdır ki, millimetr fərqlər belə balanssızlıq yaradır və həm sazlanmalarda, həm də yarışlarda böyük problemlərə gətirib çıxarır.

Frederik Vassyör bildirib ki, son iki ildə komanda əsas diqqəti asfaltayatma qüvvəsinin sabitliyinə və maşını rahat sürməyə yönəldib. 2023-cü ilin Montsa yarışında bu istiqamətdə mühüm addımlar atılsa da, hələ də sürücülərin maşına tam güvənməsi mümkün olmayıb.

Lekler maşına müəyyən qədər uyğunlaşa bilsə də, Həmilton onu öz sürüş tərzinə uyğunlaşdırmaqda çətinlik çəkir. Ən böyük narahatlıqlardan biri isə əylənmə anında qeyri-sabit reaksiyalardır. Bu da SF-25-in “limitlərdə sabit işləməyən” bir xarakterə malik olduğunu göstərir.

Məlumatlar göstərir ki, balanssızlığın mənbəyi yalnız arxa ox deyil. Bəzi hallarda ön tərəfdə aerodinamik qeyri-sabitlik müşahidə olunur ki, bu da əylənmə zamanı ön hissənin yüngülləşməsinə və inamın itirilməsinə səbəb olur. Hətta yüksək sürətlərdə sükan sistemi ilə bağlı problemlərin qeyd olunması bu ehtimalı gücləndirir.

Qalan yarışlarda Ferrari-nin performansı əsasən tras xüsusiyyətlərindən asılı olacaq. Maşına daha alçaq altlıq hündürlüyü ilə işləməyə imkan verən traslarda güc ortaya çıxa bilər. Lakin bu şərait təmin olunmadıqda SF-25-in performansı qeyri-sabit olacaq. Yəni ötən ilin ikinci yarısındakı kimi davamlı yüksəliş gözlənilmir; əksinə, Ferrari mövsümün sonunu qeyri-sabit performansla keçirə bilər.

Rauf Hacıyev

Şərh əlavə et