Xəbəri Kokpitdə Oxuyun!

Lamborghini kiçik seriya ilə buraxılacaq yeni hiperkarı nümayiş etdirib

Lamborghini şirkəti 2007-ci ildə Reventon modelini nümayiş etdirərək, flaqman superkarlarının əsasında kiçik seriya ilə buraxılan qeyri-adi modellər yaratmaq ənənəsinə start verib.

O vaxtdan bəri 12-silindrli Lamborghini superkarı iki nəsil dəyişdirib – iki il əvvəl Lamborghini Revuelto hibridi debüt edib. İndi isə, o yeni məhdud saylı tirajla buraxılacaq Fenomeno hiperkarı üçün əsasa çevrilib.

Bu hiperkar kiçik seriya ilə buraxılan Lamborghini avtomobillərinin ənənəvi reseptinə uyğun yaradılıb. Odur ki, onun baza Revuelto modelindən əsas fərqi ciddi şəkildə yenidən işlənmiş görünüşüdür. Lamborghini Fenomeno karbonplastikdən hazırlanmış orijinal xarici kuzov panellərinə malikdir. Hava kanallarının konfiqurasiyası dəyişdirilib, başqa işıqlandırma texnikası peyda olub. Arxa tərəfdə başqa diffuzor quraşdırılıb, dörd çıxış borusu isə, böyük bir ucluqda birləşdirilib. Obraz mühərrik bölməsinin karbonplastikdən orijinal qapağı ilə tamamlanır. Bundan əlavə, təkərlərin mənfi quraşdırılma bucağı diqqəti çəkir.

Bunun fonunda Lamborghini Fenomeno hiperkarının salonu demək olar ki, standart modeldəki kimi görünür, çünki sükan çarxı, ön panel, süzən mərkəzi konsol və sərnişin üçün ekran orijinal Revuelto kupesindən dəyişməz olaraq köçürülüb. Lakin interyerin dəri və alkantara ilə üzlənmiş qara-sarı rəngli tərtibat sxemi, həmçinin media sistemi və cihazlar panelinin orijinal qrafikası var.

Orijinal Revuelto modelinin hibrid güc qurğusu təkmilləşdirilib: məsələn, 6,5-litrlik V12 atmosfer mühərrikinin gücü standart 825-dən 845 at qüvvəsinə qədər artırılıb. Litium-ion dartma batareyasının tutumu 3,8-dən 7 kilovata qədər yüksəldilib ki, bu da elektrik dartması ilə yürüş diapazonunu (20 kilometr) yaxşılaşdırıb və hibrid üstqurumunun məhsuldarlığını artırıb.

 O, arxa oxdakı səkkiz pilləli “robota” quraşdırılmış bir elektrik mühərrikindən və ön oxda yerləşən iki elektrik mühərrikindən ibarətdir. Lamborghini Fenomeno hibrid qurğusunun ümumi gücü 1080 at qüvvəsinə bərabərdir (+ 65 at qüvvəsi). Nəticədə 100 km/saata sürətlənmə 2,4 saniyə çəkir ki, bu da orijinaldakından 0,1 saniyə azdır. Maksimal sürət dəyişməyib: 350 km/saat.

Lamborghini Fenomeno hiperkarı 29 nüsxəlik tirajla buraxılacaq və ilkin məlumata görə, hiperkarların hər biri azı 3,5 milyon dollara başa gələcək. Müqayisə üçün: orijinal Revuelto  modelinin qiyməti 610 min dollardan başlayır.

(c) Autograph.az

Rauf Hacıyev

Şərh əlavə et