Xəbəri Kokpitdə Oxuyun!

Mercedes niyə gec qərar verib?

Mercedes komandası İmolaya gətirdiyi tanıtdığı performansı geriyə aparan yeni arxa asılqan paketini dörd Qran Pri həftəsonundan sonra tamamilə ləğv edib. Komanda bu qərarın gecikməsini Monrealdakı qələbə ilə izah edib.

Kokpit.az xatırladır ki, “gümüşü oxlar” bu yeniliklə Kanadada yarış qazansa da, digər üç yarışda beşliyə düşməkdə çətinlik çəkiblər.

Komanda rəhbəri Toto Volff Macarıstan Qran Prisindən sonra “O arxa asılqan yəqin ki, zibil qutusuna tullanacaq” deyərək, mövzunu sərt şəkildə dəyərləndirib.

Mövsümün ilk altı yarışında Corc Rassel dörd dəfə podiuma yüksəlib. Ancaq Kanada Qran Prisindəki qələbə istisna olmaqla, İmolada təqdim edilən yeni asılqan paketindən sonra həm sıralama, həm də yarış tempi nəzərəçarpacaq dərəcədə zəifləyib. Sistem Monrealdakı uğurun ardından yenidən sınansa da, Belçikadakı zəif performansdan sonra Macarıstanda tamamilə çıxarılıb.

Mercedes mühəndisləri simulyatorlarda ümidverici görünən yeni asılqanın trasda tam əks təsir göstərdiyini gec anlayıblar. 

Toto Volf: “Yeniliklər performans gətirmək üçün düzəldilir. Bir çox təhlik və simulyasiya nəticəsində trasa gətirilir, amma bəzən tamamilə səhv ola bilərlər. Burada bizi aldadan Monreal oldu. O trasda problemlər üzə çıxmadı, buna görə davam etdik. Sonra gördük ki, fərqli traslarda işlər çox pisdir.

Bir problemi həll etməyə çalışarkən başqa bir problem yaratdıq. Monreal trasının xarakteri, sistemin mənfi tərəflərini gizlətdi. Ona görə düzgün diaqnozu gec qoyduq. Nəticədə sistemi çıxardıq və maşın yenidən əvvəlki gücünə qayıtdı”.

Komandanın tras üzrə baş mühəndisi Əndryu Şovlin isə gecikmənin səbəbini belə izah edib: “Yarışlarda fərqli sazlamalar sınadıq. Bu tip texniki dəyişikliklərdə düzgün nəticəni tapmaq vaxt alır. Üstəlik, mühəndislər adətən öz ideyalarını asanlıqla kənara qoymaq istəmirlər. Monrealdakı qələbə də bizi ‘bəlkə işləyir’ düşüncəsinə gətirdi”.

Mercedes artıq bu mövsüm üçün yeniliklər planlaşdırmır.

Toto Volff: “Artıq yenilik yoxdur. Bütün işlər gələn ilin maşınına yönələcək. İndi daha stabil platformamız var və düzgün sazlamalarla rəqabətədavamlı ola biləcəyik. 2026-cı ildə isə çox güclü olmağı hədəfləyirik”.

Rauf Hacıyev

Şərh əlavə et