Pit yolunda sürət həddini aşdığı üçün 5 saniyə cəza alan Həmilton finiş xəttini 4-cü keçsə də, cəzanın tətbiqindən sonra bir pillə geriləyərək yarışı 5-ci sırada tamamlayıb.
Yarışdan sonra son pit-stop qərarını və podiumu necə əldən verdiyini dəyərləndirən britaniyalı pilot bunları deyib: “Son pit-stopu qətiyyən etməməli idik. Pitə girmək göstərişi pit yolunun girişinə çatdığım anda verildi və bunu müzakirə etməyə vaxtım qalmadı. Həmin an komandanın düzgün qərar verdiyinə inanmalı oldum. Amma geriyə baxanda görürəm ki, təkərlərimin vəziyyəti kifayət qədər yaxşı idi. Əgər trasda qalsaydıq, yəqin ki, Maks məni keçəcəkdi. Ancaq ən azından üçüncü yeri qoruya bilərdim. Pitə girməklə aldığım cəzanın təsirini daha da artırmış olduq”.
Silverstoun, Spa və Macarıstan mərhələlərində ardıcıl cəzalar aldığı üçün özünü tənqid edən təcrübəli pilot mövsümün ikinci yarısı ilə bağlı nikbin danışıb: “Şəxsi baxımdan son üç yarış mənim üçün heç də yaxşı keçmədi. Çox səhvlər etdim. Silverstounda bizə baha başa gələn bir səhv oldu, ötən yarışda da oxşar vəziyyət yaşandı, bu həftəsonu isə cəzalar davam etdi. Son üç yarışda bu qədər çox cəza almağım qəbuledilməzdir. Mövsümün ikinci yarısında belə cəzalar almamaq üçün daha diqqətli olmalıyam. Bununla belə, mövsümün ikinci yarısına böyük ümidlə baxıram. Komandama minnətdaram, çünki ilk yarı ərzində həqiqətən böyük iş görüblər. Bolidimiz sabit şəkildə inkişaf edir və qarşıda hələ çox yarış var”.




Şərh əlavə et