Hungarorinqdə yarışa mükəmməl start verərək komanda yoldaşı Lando Norrisi geridə qoyan avstraliyalı sürücü, yarışın sonrakı hissəsində ard-arda yaşadığı uğursuzluqlar səbəbindən mübarizəni yarımçıq dayandırmalı olub.
Xüsusilə Karlos Saynsla yaşadığı təmas gənc pilotun tempini aşağı salıb. Yarışın sonlarında isə ötürmələr qutusunda baş verən nasazlıq onun yarışını tamamilə başa çatdırıb.
Yarışdan sonra yaşadığı böyük məyusluğu gizlətməyən Piastri, günün yeganə müsbət məqamının start olduğunu bildirib: “Açığı, yarışımın yeganə parlaq anı start idi. Təəssüf ki, ondan sonra hər şey aşağıya doğru getdi. Araşdırmalı olduğumuz çox məsələ var. Demək olar ki, Hard təkərlərlə tempimiz yox idi.
Üstəlik, bir dövrə geridə qalan bir pilotun gəlib sizə çırpılması… Bu, yarışda baş verəcəyini düşündüyünüz hadisələrdən biri deyil, amma mənim başıma gəldi. Ardınca ötürmələr qutusu da sıradan çıxdı və gün tam mənası ilə kabusa çevrildi. Nasazlıq baş verəndə xüsusi heç nə etmirdim, sadəcə normal yarış trayektoriyamda irəliləyirdim. Tərs gedə biləcək nə var idisə, hamısı tərs getdi”.
Karlos Saynsla yaşadığı təmas və pit-stopun vaxtı barədə də danışan McLaren pilotu həmin an yaşadığı hissləri belə ifadə edib: “Karlos mənə toxunduğu anda, heç olmasa liderliyi qorumaq şansım olsun deyə komandanın Landonu pitə çağırmayacağına ümid edirdim. Ancaq soyuqqanlı düşünəndə bunun o qədər də real gözlənti olmadığını anlayırsan. Həmin an sadəcə baş verən insidentə görə inanılmaz dərəcədə əsəbi idim. Əslində pit-stop vaxtımızda heç bir səhv yox idi. Biz Lyuis Həmiltonu geridə qoymaq istəyirdik və düzgün hesab etdiyimiz addımı atdıq”.




Şərh əlavə et