Xəbəri Kokpitdə Oxuyun!

Pirelli: Macarıstanda bütün təkər tərkibləri özünü doğrultdu

Pirelli Macarıstan Qran Prisindən sonra təkərlərin performansından razı qaldığını açıqlayıb. Şirkətin qiymətləndirməsinə görə, komandalar yarış ərzində hər üç təkər tərkibindən səmərəli istifadə edərək fərqli strategiyalar tətbiq ediblər.

Pirelli Motorsport-un direktoru Dario Marrafuski: “Yarışda çox müxtəlif strategiyalar gördük. Komandalar əllərində olan bütün təkər tərkiblərindən maksimum istifadə edə bildilər. Belə görünür ki, hər komanda öz bolidinin potensialını ən yaxşı şəkildə üzə çıxarmaq üçün ən uyğun kombinasiyanı müəyyənləşdirə bildi. Məhz bu, təkərləri hazırlayarkən qarşımıza qoyduğumuz əsas məqsədlərdən biri idi. Müxtəlif rəqabət səviyyəsinə malik bolidlərin, o cümlədən ən yumşaq tərkiblərdən istifadə etməklə, fərqli strategiyalar seçə bilməsini istəyirdik. Yarışda bir neçə komanda C5 təkərlərindən fəal şəkildə istifadə etdi. Bu mövsüm C5 bir daha sübut etdi ki, o, təkcə sıralanma turu üçün deyil, həm də tamhüquqlu yarış təkəridir. Bunu beş pilotun Soft təkərlərlə 29 dövrədən artıq məsafə qət etməsi də təsdiqləyir. Mübarizə əsasən bir və iki pit-stop strategiyaları arasında getdi. Lider komandalar arasında yalnız Ferrari yarışa Soft təkərlərlə başladı. Komanda Lyuis Həmiltonu ilk fürsətdə boksa çağırmaqla rəqiblərin də pit-stoplar zəncirini başlatdı və bunun nəticəsində bir neçə komanda iki pit-stop strategiyasına keçdi.

Bu yanaşma taktiki baxımdan daha çox çeviklik təmin etdi və tıxacın, eləcə də dövrə ilə geri qalan pilotların çox olduğu yarışda hadisələrə daha operativ reaksiya verməyə imkan yaratdı. Ferrari Soft təkərlərdən səmərəli istifadə etdiyi halda, Mercedes son hissə üçün Hard təkərlərinə üstünlük verdi. Bu qərar virtual təhlükəsizlik avtomobili (VSC) rejimi elan edilməzdən az əvvəl qəbul edildi və digər komandalara əlavə pit-stop etmək imkanı yaratdı. İsti hava şəraitinə baxmayaraq, hər üç təkər tərkibinin aşınması ümumilikdə gözlədiyimiz səviyyədə oldu. Əsas məsələ arxa təkərlərin vəziyyətini nəzarətdə saxlamaq idi. Çünki məhz onlar yaxşı ilişmənin vacib olduğu hissələrdə performansı məhdudlaşdıran əsas amil idi və bunu yarış tempini ciddi şəkildə itirmədən idarə etmək lazım gəlirdi”.

Rauf Hacıyev

Şərh əlavə et