Xəbəri Kokpitdə Oxuyun!

Rassellin problemi məlum olub

Mercedes komandasının rəhbərinin müavini Bredli Lord Corc Rassellin Macarıstan Qran Prisində start zamanı yaşadığı problemi ətraflı izah edib.

Macarıstan Qran Prisinə 6-cı yerdən başlayan Corc Rassell start anında üzləşdiyi texniki problem səbəbindən sonuncu yerə qədər geriləyib və sonda yarışı yalnız 7-ci pillədə başa vurub. Yarışdan sonra danışan Mercedes rəsmisi Bredli Lord britaniyalı pilotun startda yaşadığı nasazlığın təfərrüatlarını açıqlayıb.

Lordun sözlərinə görə, problem Rassellin startdan əvvəl mühərrikin dövriyyəsini sabit saxladığı “gözləmə dövriyyəsi” (wait revs) mərhələsində baş verib.

Rassellin start zamanı heç bir səhvə yol vermədiyini vurğulayan Bredli Lord hadisəni belə izah edib: “Pilotlar start xəttində gözləyərkən mümkün qədər yaxşı start almaq üçün mühərriyin dövriyyəsini müəyyən səviyyədə saxlayırlar. Corc da bunu edərkən boliddə yaranan nasazlıq səbəbindən mühərriyin dövriyyəsi nəzərdə tutulduğundan xeyli yüksək səviyyəyə qalxdı.

Dövriyyə icazə verilən maksimum həddə çatdı. Corc startı nəzarətdə saxlamaq üçün qaz pedalını tam buraxdı. Elə həmin anda işıqlar söndü və yarış başladı. Nəticədə o, heç bir günahı olmadan startı lazım olduğundan xeyli az qazla vermək məcburiyyətində qaldı. Bu isə bolidin sönməsinin qarşısını alan anti-stall sistemini aktivləşdirdi və Corc bir anda özünü bütün rəqiblərinin arxasında gördü”.

Yaşanan nasazlıqdan sonra Rassellin nümayiş etdirdiyi tempə də toxunan Lord, britaniyalı pilotun güclü geri dönüş etdiyini bildirib: “Həmin andan etibarən inanılmaz geri dönüş izlədik. İlk hissədə o, qarşısındakı bolidləri bir-bir geridə qoyurdu. Amma yarışın son hissəsində Oskar Piastrinin bolidində yaranan problem səbəbindən meydana çıxan Virtual Təhlükəsizlik Avtomobili də onun üçün uğursuz vaxta təsadüf etdi. Virtual Təhlükəsizlik Avtomobili Corc ikinci pit-stopunu etdikdən cəmi bir dövrə sonra trasa çıxdı. Əgər həmin anda “pulsuz” pit-stop etmək imkanı əldə etsəydi, yarışı başa vurduğu 7-ci yerdən xeyli yuxarı pillələrdə finiş görə bilərdi”.

Rauf Hacıyev

Şərh əlavə et