Macarıstan Qran Prisindən sonra Red Bull növbəti mühüm transferini rəsmiləşdirib. Avstriya təmsilçisi 2025-ci ilin sonunda komandadan ayrılan Helmut Markonun yerini doldurmaq üçün Mercedes-in Sürücü İnkişaf Proqramının rəhbəri Qven Laqrü ilə razılığa gəldiyini elan edib.
Sebastyan Fettel və Maks Ferstappen kimi dünya çempionları, eləcə də Daniel Rikkardo, Karlos Sayns və Pyer Qasli kimi yarış qaliblərini Formula 1-ə qazandıran Red Bull Gənc Sürücülər Proqramı 2027-ci ildən etibarən Laqrünün rəhbərliyi altında fəaliyyət göstərəcək.
Mercedes-də Corc Rassell və Andrea Kimi Antonellinin Formula 1-ə yüksəlişinə rəhbərlik etmiş fransalı mütəxəssis yeni strukturda birbaşa Red Bull komandasının rəhbəri Loran Mekisə hesabat verəcək.
Açıqlamadan sonra fikirlərini bölüşən Loran Mekis həm Helmut Marko ilə vidalaşıb, həm də yeni təyinatı dəyərləndirib: “Qven Formula 1 dünyasında gənc sürücülərin inkişafı sahəsində ən istedadlı mütəxəssislərdən biridir. Gənc istedadların yetişdirilməsindəki peşəkarlığının, liderliyinin və bu işə olan həvəsinin şahidi olmuşam. Gənc Sürücülər Proqramı hər zaman Red Bull-un uğurunun təməl daşı olub. Bu proqramın rəhbərliyinə Qveni gətirməyimiz gələcəyin pilotlarına nə qədər önəm verdiyimizi göstərir. Fürsətdən istifadə edərək, 20 ildən artıq müddətdə bu proqrama rəhbərlik etmiş Helmut Markonun misilsiz xidmətlərinə bir daha təşəkkür etmək istəyirik. Onun uzaqgörənliyi sayəsində vaxtilə sadəcə arzularımız olan layihələr bu gün Formula 1-də qızıl standarta çevrilib. Red Bull-un yeni səhifəsini açarkən Qven kimi liderləri komandaya cəlb etmək gələcək hədəflərimiz baxımından son dərəcə vacib addımdır”.
Mercedes-də keçirdiyi 11 uğurlu ildən sonra Red Bull-a keçidini şərh edən Qven Laqrü isə bunları deyib: “Red Bull-a qoşulmaq mənim üçün yeni və həyəcanverici bir mərhələnin başlanğıcıdır. Mercedes-də keçirdiyim unudulmaz 11 ildən sonra həm peşəkar, həm də şəxsi baxımdan inkişafımı davam etdirmək üçün doğru zamanın gəldiyini hiss etdim. Red Bull Gənc Sürücülər Proqramı avtoidman dünyasının ən nüfuzlu və ən uğurlu akademiyalarından biridir. Formula 1 tarixinin ən böyük istedadlarından bəzilərini yetişdirmiş bu proqramın növbəti mərhələsinə rəhbərlik etmək mənim üçün böyük şərəfdir. Red Bull-un son 20 ildə uğurla tətbiq etdiyi modeli davam etdirərək gələcəyin dünya çempionlarını yetişdirmək üçün səbirsizliklə gözləyirəm”.




Şərh əlavə et