Xəbəri Kokpitdə Oxuyun!

Pirelli növbəti 3 mərhələnin tərkiblərini açıqlayıb

Pirelli Formula 1 mövsümünün növbəti üç mərhələsi – Niderland, İspaniya və İtaliya Qran Priləri üçün istifadə olunacaq təkər tərkiblərini açıqlayıb.

Niderland və İspaniya Qran Prilərində komandaların ixtiyarına C2 (Hard), C3 (Medium) və C4 (Soft) tərkibləri veriləcək. Montsa mərhələsində isə daha yumşaq seçim – C3 (Hard), C4 (Medium) və C5 (Soft) istifadə olunacaq.

Zandfort trasında ötən il olduğu kimi yenə orta tərkibli üçlük seçilib. Orta və aşağı sürətli döngələri, həmçinin iki maili döngəsi ilə seçilən bu tras şinlərə həm şaquli, həm də yan yüklənmələr baxımından yüksək tələblər qoyur. Buna görə komandalar bolidlərini yüksək asfaltayatma  səviyyəsinə uyğun sazlayacaqlar. Bundan başqa, yaxınlıqdakı çimərliklərdən küləyin gətirdiyi qum asfaltın tutumuna mənfi təsir göstərə bilər.

Montsa isə tam əks xüsusiyyətlərə malikdir. Bir neçə il əvvəl yenilənmiş asfalt örtüyünə sahib olan İtaliya trasında bolidlər aşağı asfaltayatma səviyyəsi ilə yarışacaq. Burada pit-stop zamanı itirilən vaxt mövsümün ən yüksək göstəricilərindən biridir. Bu səbəbdən komandalar adətən yarışı bir pit-stop strategiyası ilə başa vurmağa çalışırlar. Lakin yüksək hava temperaturu bu planın həyata keçirilməsini çətinləşdirə bilər.

2026-cı ildə ilk dəfə Formula 1 təqviminə daxil edilən Madrid şəhər trasında keçiriləcək İspaniya Qran Prisi üçün də C2, C3 və C4 tərkibləri seçilib. Madrinq adlanan yeni tras 22 fərqli döngə, ciddi hündürlük fərqləri və təqvimdəki ən uzun maili döngə ilə seçilir.

Pirelli-nin simulyasiyalarına əsasən, Madrinqdə təkərlərə düşən yüklər SilverstounSpa-Frankorşam traslarındakı səviyyəyə yaxındır. Şirkət hesab edir ki, orta tərkibli üçlüyün seçilməsi iki pit-stop strategiyasını daha cəlbedici edəcək, eyni zamanda isti hava şəraitində təkərlərin həddindən artıq qızmasının qarşısını almağa kömək edəcək.

Rauf Hacıyev

Şərh əlavə et