Maks Ferstappenin Red Bull ilə hazırkı müqaviləsi 2028-ci ilin sonuna qədər qüvvədə olsa da, müqavilədə yer alan xüsusi çıxış maddəsi ona komandanı tərk etmək imkanı verir.
Bu maddənin aktivləşməsi üçün yalnız bir şərt var idi: Formula 1-in yay fasiləsinə çıxdığı Macarıstan Qran Prisindən sonra Ferstappenin sürücülər çempionatında ən pis halda 3-cü yerdə qərarlaşması.
Hazırda çempionatda 109 xalla 6-cı yerdə olan və liderdən 110 xal geri qalan Ferstappen üçün həmin maddə avtomatik şəkildə qüvvəyə minib. Dördqat Dünya Çempionu bu maddədən oktyabr ayına qədər istifadə etmək hüququna malikdir.
Mütəxəssislərin fikrincə, Ferstappen mövsümün bu qədər gec mərhələsində ayrılmaq qərarı versə, Red Bull-un onun yerinə eyni səviyyədə pilot tapması demək olar ki, mümkünsüz olacaq.
Komanda rəhbərliyinin bu qeyri-müəyyənliyə mümkün qədər tez son qoymaq istədiyi bildirilir. Son həftələr paddokda yayılan iddialarda Red Bull-un çıxış maddəsini ləğv etdirmək üçün pilotuna birdəfəlik 9 milyon avroya qədər ödəniş edəcəyi deyilirdi. Lakin BILD qəzetinin əldə etdiyi məlumata görə, bu iddia həqiqəti əks etdirmir.
Bunun əvəzinə komandanın rəhbəri Loran Mekis və şirkətin idman direktoru Oliver Mintslaffın rəhbərliyi altında Ferstappenin müqaviləsinin tamamilə yenidən hazırlanması planlaşdırılır.
BILD-in məlumatına əsasən, yeni müqavilə layihəsində hazırkı anlaşmanın müddəti 2028-ci ildən 2029-cu ilin sonuna qədər uzadılacaq, eyni zamanda çıxış maddəsi tamamilə müqavilədən çıxarılacaq. Niderlandlı pilotu bu razılaşmaya inandırmaq üçün isə hazırda illik təxminən 65 milyon avro olan maaşının da artırılması nəzərdə tutulur.
Xəbərdə bildirilir ki, Red Bull-un hazırladığı bu yeni təklif artıq bir neçə həftədir Ferstappenin və onun menecment komandasının masasındadır. Buna baxmayaraq, hələlik rəsmi cavab verilməyib. Vaxt baxımından təzyiq altında olmayan dünya çempionunun qərar verməyə tələsməməsi normal qarşılanır.
Ferstappenin meneceri Raymond Vermeulen daha əvvəl verdiyi açıqlamada belə demişdi: “Red Bull ilə birlikdə davam etmək və Maksın qələbə uğrunda mübarizə aparmaq şansı olduğu müddətdə karyerasını bu komandada başa vurmasını istəyirik”.
Hazırkı vəziyyətdə Ferstappen bu imkana tam malik olmasa da, Avstriya Qran Prisində bolidə gətirilən genişmiqyaslı yeniləmə paketindən sonra keçirdiyi son üç yarışın ikisində podiuma yüksəlməyi bacarıb.
Trasda mübarizə qızışdığı kimi, masa arxasında da danışıqlar davam edir və prosesin yaxın vaxtlarda yekunlaşacağı gözlənilir. Bildirilir ki, Red Bull-un varisi Mark Mateşiç və idman direktoru Oliver Mintslaff may ayının ortalarından bəri davam edən bu qeyri-müəyyənlikdən ciddi narahatdırlar.




Şərh əlavə et