Xəbəri Kokpitdə Oxuyun!

Hacar: Poul şansımız var idi

ABŞ Qran Prisinin sıralanma turunda üçüncü yeri tutan Red Bull pilotu Ayzek Hacar sessiyadan sonra çıxışını dəyərləndirib. Həftəsonuna balans və performans problemləri ilə başlayan fransalı pilot güclü nəticə göstərərək vəziyyəti dəyişməyi bacarıb.

Son sərbəst yürüşdə bolidi idarə etməkdə ciddi çətinlik çəkdiyini və komanda ilə danışarkən bir qədər sərt davrandığını bildirən Hacar həm komandadan üzr istəyib, həm də əldən verilən poul mövqeyi fürsətinə təəssüfləndiyini deyib.

Son dövrəsində küləyin təsirindən vaxt itirdiyini vurğulayan Hacar belə danışıb.

Ayzek Hacar: “Üçüncü yerdə olduğum üçün xoşbəxtəm. Həftəsonunun əvvəlindən bəri mənim üçün hər şey həqiqətən inanılmaz dərəcədə çətin keçib. İstədiyimiz balansı tapa bilmirdim. Son sərbəst yürüşdə o qədər çətinlik çəkdim ki, bolidi idarə etmək mümkün olmadığından yumşaq təkərlərlə belə dövrə vura bilmədim.

Həftəsonu boyunca göstərdikləri böyük səylərə görə komandaya minnətdaram. Onlarla danışarkən bir qədər sərt davrandım, buna görə üzr istəmək istəyirəm. Üçüncü yer yaxşı nəticədir, amma poul mövqeyini qazanmaq şansımız da var idi.

13-cü və 15-ci döngələrdə arxa tərəfdən çox güclü külək əsdi. Dövrə zamanı ciddi vaxt itirdim. Buna görə bir qədər məyusam, amma belə çətinliklərdən sonra geri dönərək mübarizə apara bilməyimiz sevindiricidir”.

Rauf Hacıyev

Şərh əlavə et