Macarıstan Qran Prisinin 39-cu dövrəsində bir dövrə geridə qalmış Williams pilotu Karlos Saynsla təmas yaşayan və bunun nəticəsində həm vaxt itirən, həm də tempini itirən Oskar Piastri insidentdən sonra yaşadığı məyusluğu açıq şəkildə dilə gətirib. Avstraliyalı pilot sonradan ötürmələr qutusunda yaranan nasazlıq səbəbindən yarışı vaxtından əvvəl dayandırsa da, bazar gününün taleyini dəyişən əsas hadisənin məhz bu insident olduğunu bildirib.
Sayns kokpitdəki rəqəmsal sistemdə yaranan nasazlıq səbəbindən mavi bayraq xəbərdarlığını almadığını iddia etsə də, McLaren pilotu tras kənarında yellənən əl bayraqlarının belə bir səhvə bəhanə ola bilməyəcəyini vurğulayıb.
Yarışdan sonra xarici mətbuata danışan Piastri radiodakı sərt reaksiyasının səbəbini belə izah edib: “Radioda əsəbiləşməyimin səbəbi komanda deyildi. Məni dövrəvi geridə qalmış bir bolidin gəlib vurması idi. Pit-stop strategiyamız tam düzgün idi. Həmiltonu problemsiz şəkildə hədəfə almışdıq və həmin toqquşma olmasaydı, Landonun önündə qalmağa davam edəcəkdim. Lando məni keçəndən sonra ona çatacaq tempimin olmadığını bilirdim. Yəni qələbə şansım məhz həmin anda bitdi.
Həmin an çox əsəbi idim, lakin bu komandanın səhvi deyildi. Trasın bütün marşal postlarında mavi bayraqlar göstərilirdi və mən bir sektor boyunca onun arxasında idim. Buna görə də belə bir hərəkəti qətiyyən gözləmirdim, baş verənlərə inana bilmədim. Dövrəvi geridə qalmış bir bolidin gəlib sizə çırpılması yarışda gözləyə biləcəyiniz ən son hadisədir”.
Saynsın trasdakı vəziyyəti düzgün qiymətləndirə bilmədiyini deyən Piastri, ispaniyalı pilotun keçmişdə digər sürücüləri tənqid etməsini də xatırladıb: “Məni görmədiyini və ya komandasının ona xəbər vermədiyini deməsinin mənim üçün heç bir əhəmiyyəti yoxdur. Görməməsi və ya komandasının xəbər verməməsi tam mənası ilə diqqətsizlik və situasiya fərqində olmamaqdır. Bu isə qətiyyən qəbulolunan deyil. Fernando ilə sonuncu yer uğrunda sanki dünya çempionluğu uğrunda mübarizə aparırmış kimi döyüşürdü və bunun nəticəsində mən yarışın liderliyini itirdim. Karlos başqalarını tənqid etməyi çox sevir. Hətta keçmişdə trasdakı bəzi hərəkətlərinə görə özü də kifayət qədər tənqid olunub. Belə bir hadisədən sonra məncə, gedib bir az güzgüyə baxmalı və etdikləri barədə düşünməlidir”.




Şərh əlavə et