Macarıstan Qran Prisində Karlos Sayns və Oskar Piastri arasında baş verən, McLaren pilotunun yarışın liderliyini itirməsi ilə nəticələnən təmasdan sonra Williams hadisə ilə bağlı ətraflı açıqlama yayıb. İkinci döngədə dövrəvi sürücü kimi keçmə zamanı yaşanan insident Piastriyə xeyli vaxt itirdib və pit-stoplardan sonra komanda yoldaşı Lando Norrisin liderliyə yüksəlməsinə şərait yaradıb.
Williams komandasının rəhbəri Ceyms Voulz komandanın paylaşdığı analiz videosunda bildirib ki, FIA-nın mavi bayraq xəbərdarlıq sistemi sıradan çıxdığı üçün trasda ciddi anlaşılmazlıq yaranıb. Bununla belə, Voulz hadisənin əsas səbəbinin Fernando Alonsonun Piastriyə yol vermək əvəzinə Saynsı ötməyə çalışması olduğunu iddia edib.
Normal şəraitdə lider bolid 1,2 saniyə məsafəyə yaxınlaşdıqda pilotlara avtomatik xəbərdarlıq göndərildiyini xatırladan Voulz yarış zamanı bu sistemin işləmədiyini deyib: “Sistem sıradan çıxanda FIA-nın mexanizmləri cavab verməyə bilər. Buna görə də daha etibarlı rabitə üsuluna ehtiyacımız var. Bazar günkü yarışda avtomatik mavi bayraq sistemi ən sadə ifadə ilə desək, işləmirdi. Bir mərhələdə yalnız tras kənarındakı marşalların yellədiyi bayraqlara güvənmək məcburiyyətində qaldıq. Amma onların hansı bolidin lider olduğunu və bayrağı nə vaxt göstərməli olduqlarını müəyyənləşdirməsi son dərəcə çətindir. Sonradan işıq panellərində mavi işıqlar yandırıldı, lakin onların konkret olaraq hansı pilota aid olduğu aydın deyildi”.
Voulz bildirib ki, Piastri dövrəvi sürücülərin olduğu qrupa çatanda ön tərəfdə Alonso idi və ilk növbədə yol verməli olan da məhz ispaniyalı pilot idi: “Fernando tras boyunca yanan mavi işıqları gördü, ancaq Oskarın qarşısındakı mövqeyini qorumağa davam etdi. Qaydalara əsasən pilotlar növbə ilə yol verməlidirlər. Yəni Fernando daha əvvəl mövqeyini təhvil verməli idi, amma bunu etmədi. Əksinə, birinci döngəyə daxil olarkən daxili trayektoriyadan Karlosu keçərək önə çıxdı. Həmin anda birinci döngənin çıxışında və ikinci döngəyə gedən düzlükdə prioritet sırası yenidən dəyişdi. Fernando Saynsa qarşı yenidən hücum edəndə Karlos trasın xarici hissəsində qaldı. O, ideal trayektoriyaya qayıtmağa çalışarkən arxadan gələn Oskar daxili trayektoriyanı seçdi və nəticədə iki bolid təmas yaşadı”.
Stüardlar insidentə görə Karlos Saynsa 5 saniyəlik vaxt cəzası versələr də, Fernando Alonsonun mavi bayraq qaydalarına əməl etməməsi ilə bağlı hər hansı araşdırma aparmayıblar.
Voulz komandanın rabitə baxımından səhvə yol verdiyini etiraf etsə də, rəqibə qəsdən mane olmaq niyyətlərinin olmadığını vurğulayıb: “Avtomatik sistem işləmədiyi üçün bolidlər bu vəziyyətlərdə olması lazım olandan daha uzun müddət eyni mövqedə qaldılar. Radio vasitəsilə Karlosa birinci döngədə Piastrinin yaxınlaşdığını bildirdik. Ancaq xal uğrunda mübarizə aparmadığımız bir məqamda, ikinci döngəyə gedərkən Fernando ilə yanaşı olduqları kritik anda bu xəbərdarlığı yenidən etməli idik. Səhv dediyim məhz budur. Bununla belə, bu, qətiyyən Oskara qarşı qəsdən edilmiş maneə deyildi. Əslində həmin anda bizdən əvvəl yol verməli olan pilot Fernando Alonso idi”.




Şərh əlavə et