Xəbəri Kokpitdə Oxuyun!

Fornaroli Okonu əvəz edəcək?

Haas komandası hələ 2027-ci il üçün sürücü heyətini rəsmən açıqlamasa da, Oliver Bermanın komandadakı yeri demək olar ki, təmin olunub. O, təkcə Ferrari Akademiyasının yetirməsi və Haas-ın istifadə etdiyi Ferrari mühərrikləri ilə əlaqəli sürücü deyil, həm də sükan arxasında sabit və inamlı çıxışları ilə bunu doğruldur.

Komanda yoldaşı Esteban Okon isə 2026-cı ildə gözlənilən səviyyədə çıxış etmir. Artıq bir neçə aydır paddokda mövsümün sonunda Haas-ın fransalı pilotla yollarını ayıracağı barədə iddialar dolaşır. Macarıstan Qran Prisində komanda rəhbəri Ayao Komatsunun bu mövzu ilə bağlı şərh verməkdən imtina etməsi də bu söz-söhbətləri daha da gücləndirib.

Okonun mümkün əvəzləyiciləri arasında Ferrari Akademiyasının digər üzvü Rafael Kamaranın da adı hallansa da, əsas favorit braziliyalı pilot deyil.

GPBlog nəşrinin məlumatına görə, Haas-da boş qala biləcək yer üçün ən güclü namizəd McLaren-in ehtiyat sürücüsü Leonardo Fornarolidir.

Britaniya komandası italiyalı pilotun inkişafından razıdır və onun Formula 1-də təcrübə qazanmasını istəyir. Lakin McLaren-in öz heyətində boş yer olmadığından, komanda Fornarolinin Haas-a keçidini dəstəkləməyə hazırdır.

Bununla yanaşı, Haas sürücü bazarında əlverişli mövqedədir. 2027-ci il mövsümü üçün Formula 1-də boş yerlərin sayı azdır, lakin müqavilə bağlamaq istəyən güclü pilotların sayı kifayət qədər çoxdur. Bu isə Amerika komandasına normal şəraitdə seçə bilməyəcəyi səviyyədə sürücünü heyətinə cəlb etmək imkanı yaradır.

Rauf Hacıyev

Şərh əlavə et