Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Ümidim yox idi

Red Bull komandasının sürücüsü Maks Ferstappen çətin keçən Macarıstan yarışından sonra performans enişinin əsas səbəbinin strategiya yox, təkərlərin zəif asfaltla ilişməsi olduğunu deyib.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü Macarıstan yarışını doqquzuncu yerdə başa vurub.

Yarışdan sonra mətbuata açıqlama verən niderlandlı pilot bildirib ki, xüsusilə aşağı sürətlərdə demək olar ki, heç bir ilişmə olmayıb və bu səbəbdən döngələrə aqressiv girməkdə çətinlik çəkib: “Bu strategiya səhvi deyildi. Onsuz da bütün həftəsonu zəif idik. Xüsusilə aşağı və orta sürətli döngələrdə asfaltla ilişmə çox zəif idi. Yarışda nə etsəydik də, nəticə dəyişməyəcəkdi”.

Maks Ferstappen bildirib ki, komandanın vəziyyətlə bağlı bəzi təxminləri var, lakin detalları açıqlaya bilməz.

Red Bull-un idman məsləhətçisi Helmut Marko performans enişini “biryarışlıq təkər problemi” kimi qiymətləndirsə də, 27 yaşlı sürücü buna ehtiyatla yanaşıb: “Bunu demək asandır… Amma biz bunu təhlil etməliyik”.

Lyuis Həmiltonla yarışda yaşanan epizod barədə də danışan Ferstappen, stüardların otağında çox vaxt keçirmələrinə baxmayaraq, heç bir təmas olmadığını vurğulayıb: “Əslində heç nə baş vermədi. Təmas belə olmadı. Ona görə də araşdırmanın niyə açıldığını anlamıram. Lyuis də stüardların otağına gəlmədi. Onsuz da hər ikimiz üçün zəif bir həftəsonu oldu, bu da sadəcə kiçik bir an idi”.

Yarışda Liam Lousonun arxasında uzun müddət qalması barədə Maks Ferstappen belə deyib: “Bu həftəsonu sürətli maşınımız yox idi. Problem tamamilə bizdə idi”.

Erkən pit qərarına gəlincə, Ferstappen bu qərarın həm təkərlərin ömrünü başa vurması, həm də Alonso və Bortoletonu keçmək imkanı üçün verildiyini deyib. Amma yeni təkərlərlə belə aşağı sürətdə asfaltla ilişmənin yetərli olmadığını, buna görə də heç bir hücumu tamamlamadığını qeyd edib

Mövsümün ikinci yarısına dair gözləntilərini bölüşən Maks Ferstappen bunları deyib: “Hazırda çox şey gözləmək çətindir, amma hədəf hər zaman yarış qazanmaqdır.

Bəlkə sürprizlər olar. Artıq 2026-cı ilə fokuslanmış bir komandayıq, amma buna baxmayaraq, ilin qalan hissəsində daha sabit olmaq istəyirik”.

Ferstappen mövsümün əvvəlində də çempionluq üçün böyük ümidlərinin olmadığını bildirib: “Onsuz da nə həddindən artıq nikbin, nə də bədbin biri deyiləm. İlin əvvəlində də “görəcəyik” deyirdim. İki yarış qazandıq, bu da nəyinsə göstəricisidir. Amma McLaren çox yaxşı iş gördü. Bizim üçün isə işlər daha çətin keçdi”.

Son dörd yarışda podiumsuz qalmasının sürpriz olmadığını deyən Ferstappen bunları əlavə edib: “Son dörd ildə çox böyük uğurlar yaşadım. Uğur keçicidir”.

Komandanın yeni rəhbəri Loren Mekis ilə bağlı ilk təəssüratlarını da bölüşən Ferstappen bildirib: “Çox açıqfikirli biridir. Aramızdakı ünsiyyət hər keçən gün daha da yaxşılaşacaq.
Hazırda hər şey qaydasındadır”.

Yay tətilində nə edəcəyi sualına isə Ferstappen qısa cavab verib: “Ailəmlə və dostlarımla vaxt keçirəcəyəm. Ən vacib şey budur”.

Rauf Hacıyev

Şərh əlavə et