Xəbəri Kokpitdə Oxuyun!

L.Stroll: Maşın zövq verdi

Aston Martin komandasının pilotu Ləns Stroll Macarıstan Qran Prisinin komanda üçün olduqca müsbət keçdiyini, və uzun müddətdir bu qədər rahat və güclü bir maşın sürmədiyini bildirib.

Kokpit.az xatırladır ki, kanadalı sürücü Hunqarorinqdəki sıralanma turunda altıncı yeri tutub.

Ləns Stroll sıralanma turundan sonra bildirib ki, keçən yarış Spa ilə müqayisədə böyük bir irəliləyiş var: “Keçən həftə 19 və 20-ci yerdə idik. İndi isə 5 və 6-cı sıralardayıq. Həftənin əvvəlində biri desəydi ki, belə bir nəticə alacağıq, dərhal qəbul edərdik”.

Kanadalı pilot, bu uğurun əsas səbəbinin maşına uyğun tras şəraiti olduğunu vurğulayıb: “Uğurun səbəbi altlıq və yeniliklərdən çox, bu trasın bizim maşına çox uyğun olmasıdır. Daha çox asfaltayatma gücü tələb edən, havanın sərin və küləksiz olduğu traslarda biz yaxşı performans göstəririk. İlk sərbəst yürüşdən etibarən maşın həmişə ilk 6-7-likdə idi. Sürmək həqiqətən zövq verdi”.

Yarışla bağlı tədbirli danışan Ləns Stroll bildirib: “Yəqin ki, Maks (Ferstappen) irəliləyəcək, amma Racing Bulls və Sauber ilə mübarizə apara bilərik. Görünür bizim yarışımız əsasən onlarla olacaq”.

Komanda yoldaşı Fernando Alonso ilə mümkün daxili mübarizə barədə sualı isə belə cavablandırıb: “Bəli, əlbəttə ola bilər.”

Rauf Hacıyev

Şərh əlavə et