Xəbəri Kokpitdə Oxuyun!

Macarıstan 2025: Leklerdən mövsümdə ilk poul!

Hunqarorinqdə sıralanma turu həftəsonunun əsas sessiyası sayılır. Macarıstan trasında ötmək çətindir, buna görə də nəticəyə start mövqeyi və isti havada maşınların etibarlılığı təsir edir.

Burada strategiya variantları isə demək olar ki, olmur. Bununla belə, poul qazanmaq heç də qələbəyə zəmanət vermir. Bu yarışı tez-tez ikinci yerdən start alan pilot qazanır.

Məşqlərdə McLaren pilotları üstünlük nümayiş etdiriblər. Cümə günü Lando Norris iki dəfə protokola başçılıq edib, şənbə səhəri isə Oskar Piastri hamıdan sürətli dövrə vurub.

Pirelli ənənəvi olaraq bu mərhələyə “yumşaq” üçlüyünü – C3, C4 və C5 tərkiblərini – uyğun olaraq Hard, Medium və Soft kimi gətirib. Soft təkərlər tez isinib, ən yaxşı asfaltla ilişmə təmin edib və çox sürətlə yeyilib.

Sıralanma turundan əvvəl səmanı buludlar örtüb, avtodromdan uzaqda yağış yağıb, amma tras quru qalıb.

Birinci sessiyada hamı Soft təkərlərlə trasa çıxıb. Yaxınlaşan yağışa baxmayaraq, pilotlar trası tərk etməyə tələsməyiblər – asfalt tez soyuyub və hər dəqiqə sürətlənməyə başlayıb. İlk cəhddə Piastri 1:15.554-lük nəticə ilə protokola başçılıq edib. İkinci cəhddə əvvəlcə Alonso daha sürətli dövrə vurub, amma Piastri nəticəsini yaxşılaşdırıb – 1:15.211. Elbon, Hülkenberq, Okon, Qasli və Tsunoda kənarda qalıb.

İkinci sessiyanın startı 12-ci döngədən çınqılların təmizlənməsi üçün bir neçə dəqiqə təxirə salınıb. Sıralanma turunun əvvəli ilə müqayisədə trasın temperaturu on dərəcə azalıb. Yağış çisələməyə başlayıb. Pilotlar dövrə vurmağı çatdırmaq üçün trasda tələsiblər. Ən yaxşı nəticəni Norris göstərib – 1:14.890. Kolapintonun dövrəvi nəticəsi tras hüdudlarını 9-cu döngədə aşdığı üçün ləğv olunub.

Yağış başlar-başlamaz dayanıb, tras quru qalıb. Pilotlar ikinci cəhd üçün ehtiyatla trasa çıxıblar ki, pit-leyn çıxışında tıxacda qalmasınlar. Norrisin nəticəsi sessiyanın sonunda da ən yaxşı olaraq qalıb. Antonelli, Kolapinto, Sayns, Həmilton və Berman finala keçə bilməyiblər.

Sessiyalar arasında Hunqarorinqdə küləyin istiqaməti dəyişib və bu, dərhal güc balansına təsir edib. Sürətlər azalıb.

Finalda ilk cəhdlər zamanı Piastri hamıdan sürətli olub – 1:15.398. Strollun dövrəsi tras sərhədlərini keçdiyi üçün ləğv olunub, Hacar isə cəhd etməyib. İkinci cəhdlər zamanı Lekler gözlənilmədən protokola başçılıq edib – 1:15.372. McLaren pilotları bir qədər geridə qalıblar – ilk üçlükdə fərqlər cüzi olub.

Şarl Lekler mövsümdə ilk, karyerasında isə 27-ci poulunu əldə edib. O, sabah yarışa Piastri ilə ön cərgədən başlayacaq. İkinci cərgədə Norris və Rassell, üçüncü cərgədə isə Aston Martin sürücüləri qərarlaşacaqlar.

Elçin Zodorov

Şərh əlavə et