Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Ürəkaçan deyil

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, bolidin tempi heç də ürəkaçan deyil.

kokpit.az xatırladır ki, niderlandlı sürücü Macarıstan Qran Prisinin ikinci sərbəst yürüş sessiyasında 14-cü nəticə göstərib və lider Lando Norrisə bir saniyədən çox uduzub. Mövcud Dünya Çempionu bildirib ki, boliddə ciddi sürət çatışmazlığı var və komanda problemin səbəbini hələlik tapa bilməyib.

Maks Ferstappen: “Çox çətin bir gün oldu. Trasda ilişmə çox zəifdir və bolidin balansı isə ürəkaçan deyil. Konkret problemin nə olduğunu söyləmək çətindir. Heç nə işləmək istəmir. Axşam bu suallara cavab tapmalıyıq, amma hələlik bu həftəsonu bizim üçün yaxşı başlamayıb.

Əminəm ki, sabaha qədər inkişaf edə bilərik, amma bu gün kifayət qədər zəif idi. Əvvəlcə, bu qədər ciddi problemlərin əsas səbəbini tapmalıyıq.

Kokpitdəki dəsmal? O, dizlərimin üzərində idi və pedallara düşə bilərdi, bu da təhlükəli olardı. Buna görə trayektoriyanı tərk edib onu atdım. Düşünürəm ki, stüardlar bunu anlayır”.

Onun komanda yoldaşı Yuki Tsunoda isə sessiyanı 8-ci yerdə başa vurub: “Hər iki sessiyada müsbət məqamlar oldu. Birinci sessiya ilə müqayisədə ikinci sessiyada inkişafa nail oldum və bu, yaxşı əlamətdir. Məndə yaranan problemlər birbaşa balansla bağlı deyildi. Təkərlərin trasla əlaqəsi istədiyimiz səviyyədə olmadı.

Sabah hər iki bolidlə qabağa gedə bilərik, amma sıralanma turuna qədər bu həftəsonu bizdə konkret olaraq nəyin çatışmadığını anlamalıyıq”.

Rauf Hacıyev

Şərh əlavə et