Xəbəri Kokpitdə Oxuyun!

Ferstappen yubiley yarışına çıxır

Maks Ferstappen bu həftəsonu Hunqarorinqdə Red Bull ilə yubilry yarışına hazırlaşır.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü bu həftəsonu Red Bull komandası ilə 200-cü yarışına çıxacaq. O, geridə qalan 199 yarışda 65-i qələbə olmaqla 117 podium və 4 Dünya Çempionluğu qazanıb.

Max Ferstappen üçün qarşıdakı Macarıstan Qran Prisi xüsusi önəm daşıyır: “Bu həftə Macarıstana yollanırıq və bu, mənim Red Bull komandası ilə 200-cü Qran Prim olacaq. Bu nöqtəyə çatmaq çox xoşdur. Uğurlarımıza nəzər salmaq və gələcəyə baxmaq insana güc verir. Yay fasiləsindən əvvəl son yarışdır və bu fasilə komandaya dincəlmək və ikinci hissəyə güclü formada qayıtmaq imkanı verəcək.

Spadakı nəticəyə görə bir qədər məyus olduq. Yarışdan əvvəl maşınımız yağışa görə sazlanmışdı, amma yarış quru trasda baş tutdu. Bu təcrübədən nəticələr çıxaracağıq və performansımızı yaxşılaşdırmağa çalışacağıq. Bundan başqa maşının sürəti üzərində işləməyə davam edəcəyik.

Hunqarorinqdə hər zaman uğurlu olmamışıq. Mən xüsusilə trasın texniki ikinci sektorunu çox bəyənirəm, amma burada ötmə etmək çətindir, buna görə də maşında optimal balans tapmaq və güclü sıralanma turu keçirmək çox vacib olacaq”.

Yuki Tsunoda isə yenilənmiş maşınına olan inamı ilə Budapeştə gedir: “Bu həftəsonu yenidən sükan arxasına keçmək üçün səbirsizlənirəm. Spadakı yarış istədiyimiz kimi getməsə də, ilk dəfə yenilənmiş altlıq ilə maşını sürdüm və hisslərim çox müsbət idi. Maşını necə hiss etdiyim mənə inam verir.

Bu həftəsonu əsas məqsəd bütün sessiyalarda sabitlik göstərməkdir, bu da yarışa daha yaxşı hazırlaşmağımıza kömək edəcək”.

Rauf Hacıyev

Şərh əlavə et