Kokpit.az xatırladır ki, Alpine Britaniya yarışında Pyer Qasli ilə 6-cı yeri tutaraq, qızıl dəyərində 8 xal qazanıb. Fransız təmsilçisi bu uğuru Belçikada da davam etdirmək istəyir.
Pyer Qasli: “Spa trasına qayıtmaq gözəldir, xüsusən də bundan əvvəlki yarış Silverstounda yaxşı nəticə əldə etdikdən sonra… Çətin şəraitdə keçirilən yarışda 6-cı yeri tutmağım komandanı çox sevindirdi, özü də bu mübarizə mənim üçün böyük zövq idi.
Böyük Britaniya və Belçika Qran Prilərinin arasındakı fasilədə Enstoun bazasında komanda ilə birgə çalışdım. Komandamızın bütün üzvləri ilə görüşmək, onların bu mövsüm ərzindəki əməyi üçün təşəkkür etmək mənim üçün vacib idi. Həmçinin bu vaxtı simulyator işlərinə ayırdıq. Həm bu mövsüm üçün, həm də 2026-cı ilə hazırlıq baxımından mühüm testlər apardıq.
Daha sonra Malyorka adasına yollandım və qarşıdakı iki Qran Pridən əvvəl bir az güc topladım.
Spa mərhələsi hər zaman məndə qarışıq hisslər yaradır. Bunu əvvəlki illərdə də demişəm. Trasın özü əladır, Formula 1 maşını ilə bu döngələri keçmək əsl zövqdür. Amma bu trasda əksərriyətimiz üçün kədərli xatirələr var.
Cümə axşamı yenidən tras boyunca yürüş təşkil edəcəyik. Bu aksiya mənim dostum Antuan Yuberin xatirəsinə həsr olunacaq. F1, F2 və F3 komandalarının bütün əməkdaşları və sürücüləri bizimlə birlikdə bir dövrə qaçmağa və ya sadəcə gəzməyə dəvətlidir.
Həmçinin MP Motorsport komandası ilə birlikdə Formula Regional seriyasında çıxış edən və iki il əvvəl Spada Dünyasını dəyişmiş Deylano van’t Xoffu da yad edəcəyik.
Hər il olduğu kimi, bu dəfə də Antuan və Deylanonun xatirələrini yad edəcəyik. Ümid edirəm, bu an yenə də həm mənim, həm də paddokdakı hər kəs üçün xüsusi və yaddaqalan olacaq”.
Franko Kolapinto isə Silverstoundan sonrakı fasiləni belə dəyərləndirib: “Silverstoundan sonra fasilə olması məni sevindirdi. Həmin həftəsonunu xatırlayanda görürəm ki, komandamız üçün həm müsbət, həm də çətin anlar oldu. Pyer çox gözəl çıxış etdi və mövsümdə indiyədək qazandığımız ən yaxşı nəticəyə imza ataraq xal topladı.
Amma mənim tərəfimdə vəziyyət fərqli idi – bazar günü yarışa belə başlaya bilmədik. Lakin baş verənləri dərindən təhlil etdik və qarşıdakı iki yarışa ciddi formada hazırlaşdıq.
Özümü dincəlmiş və Spa trasında güclü nəticələr üçün hazır hiss edirəm. İndiki hədəfimiz – bu iki yarışı maksimum nəticə ilə başa vurmaq və mövsümün ikinci yarısına müsbət əhval-ruhiyyə ilə başlamaqdır”.
Şərh əlavə et