Xəbəri Kokpitdə Oxuyun!

Yeni bolidlərin zəif olması rəqabətə təsir edəcək?

2026-cı il Formula 1 texniki reqlamentinə əsasən hazırlanan yeni bolidlərin ilk simulyasiyaları narahatedici nəticələr ortaya qoyub. Əldə olunan ən bədbin proqnozlara görə yeni nəsil bolidlər cari maşınlarla müqayisədə bir dövrədə 3-4 saniyə daha yavaş ola bilərlər. Bu isə həm performans baxımından geriləmə, həm də rəqabət balansının pozulması təhlükəsini gündəmə gətirir.

Yeni qaydalara görə 2026-cı il bolidlərinin asfaltayatma qüvvəsi hal-hazırda istifadə edilən altlıq effektli maşınlara nisbətən təxminən 85 faiz səviyyəsində olmalı idi. Lakin bəzi komandalar bu hədəfin reallaşmasının mümkün olmadığını düşünür. Son dövrlərdə aerodinamik boruda əldə olunan nəticələr FIA-nın aerodinamik performansla bağlı proqnozlarının həddindən artıq nikbin olduğunu göstərir.

Simulyasiyaların təsiri təkcə performansa deyil, inkişaf prosesinə də təsir edir.

Bu qədər bədbin simulyasiya nəticələri təkcə trasdakı performansa deyil, həm də bolidlərin inkişaf mərhələsinə ciddi təsir edir. Pirelli kimi təkər tədarükçüləri 2026-cı il bolidlərinə uyğun yeni təkərləri hazırlayarkən komandaların təqdim etdiyi yük proqnozlarına güvənməlidir. Lakin bu göstəricilər komandalar arasında hələ də ciddi fərqliliklər göstərir və ortaq anlayış formalaşmayıb.

Digər tərəfdən komandalar da öz bolidlərini hansı istiqamətdə inkişaf etdirəcəklərinə qərar vermək üçün Pirelli-nin təkər məlumatlarına ehtiyac duyurlar. Bu qarşılıqlı asılılıq, texniki inkişaf prosesini yavaşlatmaqdadır.

Görünüş cəlbedici olsa da, real nəticələr hələ bəlli deyil

Kağız üzərində Pirelli-nin təqdim etdiyi təkər dizaynları və FIA-nın yayımladığı 2026-cı ilin bolid konseptləri ümidverici görünsə də, real tras şəraitində nələrin baş verəcəyi hələ də naməlumdur.

Bəzi mühəndislər bu vəziyyətin böyük performans fərqlərinə səbəb ola biləcəyini və bir komandanın bütün mövsüm boyu digərlərini rahatlıqla geridə qoya biləcəyini düşünür. Lakin digər ekspertlər daha ümidli yanaşırlar.

Onların fikrincə, bu vəziyyət komandaları fərqli dizayn konsepsiyalarına yönəldə bilər: bəziləri düzlüklərdə sürətə, bəziləri isə döngələrdə manevr qabiliyyətinə önəm verəcək. Nəticədə, hər trasda fərqli komanda önə çıxa bilər.

2017-ci il mövsümünə bənzər bir ssenari mümkün ola bilər

Bu cür potensial ssenari 2017-ci il mövsümündəki Ferrari–Mercedes rəqabətini xatırladır. Həmin il Ferrari qısa təkər bazası ilə dar traslarda, Mercedes isə uzun təkər bazası ilə sürətli traslarda üstünlük qazanırdı.

Mütəxəssislər hesab edirlər ki, 2026-cı il bolidləri aerodinamik baxımdan daha sadə və təxmin edilən olacaqlar. Bu isə mövsümə zəif başlayan komandaların zamanla inkişaf edib rəqiblərinə çatmasını asanlaşdıra bilər.

Rauf Hacıyev

Şərh əlavə et